KepezTV Player
Tovuz rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları selin gəlişinə səbəb olub. Rayonun Yuxarı və Aşağı Öysüzlü, Qaziqulu kəndlərinin bir hissəsində sel suları fəsadlar törədib. Güclü yağış və külək bir neçə evin yardımçı tikililərinin uçmasına səbəb olub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb. Sel ağacları da kökündən çıxarıb. Əhalinin təsərrüfatına ziyan dəyib. Bəzi sakinlərin ev quşları tələf olub. Evlərin zirzəmilərinə su dolub. Kəndlərdəki su arxları daşıb. Nəticədə Qaziqulu kəndində küçə və kiçik körpülər su altında qalıb. Hazırda Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə edilir.
Goranboy rayonu ərazisində də güclü leysan yağışları nəticəsində yaranan sel suları bir sıra fəsadlar törədib. Yağış suları rayonun Börü və Qarqucaq kəndlərində həyətyanı və əkin sahələrinə, yollara dolub, Qarqucaq kəndində körpünü qəzalı vəziyyətə salıb. Rayon Fövqəladə Hallar Komissiyası operativ şəkildə ərazidə olub, selin fəsadları ilə bağlı monitorinqlər aparıb. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, ölkədə qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.
- Baxış: 477