Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə intensiv yağıntılar müşahidə olunub. Güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub. Belə ki, Fövqəladə Hallar Nazirliyinə intensiv yağıntılarla əlaqədar Göygöl rayonunun Xaqani kəndində və Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə təhlükə yaranması barədə məlumatlar daxil olub. Bununla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazilərə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb.
Gecə saatlarında görülmüş operativ tədbirlərlə Göygöl rayonunun Xaqani kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib, digər istiqamətlərdə isə suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Həmçinin, Yeni Gəncə qəsəbəsində subasma ilə əlaqədar köməksiz vəziyyətdə qalmış vətəndaş Nazirliyin əməkdaşları tərəfindən təxliyə olunub.
- Baxış: 141