Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri son zamanlar daha da genişləndirilib. Zərflər siyahısında yer alan xidmətlərdən Gəncədə yaşayan işsizlər və işaxtaranlar da yararlanırlar.
Özünüməşğulluq fəaliyyəti- biznesin başlanması üçün istək, minimum bacarıqlar və biznes haqqında təsəvvürü olan əmək qabiliyyətli şəxslərin dövlətin də dəstəyi ilə özünü işlə təmin etməsidir. İcrasına 2016-cı ildən başlanılan proqrama təkcə cari ilin 5 ayı ərzində 4 mindən çox şəxs cəlb olunub. Onlardan biri də Gəncədə mebel ustası kimi fəaliyyət göstərən Nizami Vəliyevdir. 15 ildən çoxdur bu işlə məşğul olan usta son 1 ilə kimi məhdud avadanlıqlar hesabına fəaliyyətini davam etdirib. Daha sonra isə özünüməşğulluq proqramından yararlanıb.
Nizami Vəliyev- mebel ustası: “2005-dən bu işlə məşğulam. Əvvəllər Moskvada işləmişəm. Daha sonra Azərbaycana gəldim, Gəncədə fəaliyyətimi davam elədim. Amma avadanlıqlarım yox idi. Ona görə işlərim bir az çətin gedirdi. Məşğulluğa müraciət elədim. Sağ olsunlar, məni qeydiyyata aldılar. Əvvəlvcə təlimlərə getdik, sonra avadanlıq verdilər. “Artem 2800”, “Egebant PVC” bantı verdilər. Bunlarla biz həm doğrama işi, həm də bantvurma edirik. Fəaliyyətimiz arıq 1 il yarımdır. Bu avadanlıqlar da çox əlimizdən tutur”.
Özünüməşğulluq proqramından yararlanan şəxslərdən biri də Eşqin Məsruridir. Onun fəaliyyət sahəsi isə dərzilikdir. Bu sahədə bacarığı olsa da, öz işini qurmaq üçün kifayət qədər vəsaiti olmayıb.
Eşqin Məsruri- dərzi: “Sənəti atamdan öyrənmişəm. Elə bir müddət onun yanında işlədim. Sonra müəyyən yerlərdə işlədim. Sadəcə məni qane eləmədiyi üçün, avadanlıq da almağa imkan olmadığı üçün məşğulluğa müraciət elədim. Düztikən maşın, averlok, ilgəkaçan, interlok, ütü masası, ütü, maniken bunlarla təmin olundum. Hal-hazırda işim normaldır, qaydasındadır”.
Özünüməşğulluğun təşkili tədbirinin həyata keçirilməsinin əsas məqsədi əhalinin sosial cəhətdən həssas, xüsusilə sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsi, sahibkarlıq vərdişlərinin aşılanması və işsizlik səviyyəsinin azaldılmasıdır. Ənənəvi “passiv” siyasət tədbirlərindən “aktiv” siyasət tədbirlərinə- sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında məşğulluğunun, o cümlədən özünüməşğulluğun təmin olunmasına keçiddir.
Mikayıl Qurbanov- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının baş mütəxəssisi: “Layihə çərçivəsində 10 minlərlə vətəndaşımız müxtəlif aktivlərlə təmin olunmuşdur. Burda həm kənd təsərrüfatı üzrə, həm istehsal həm də xidmət zərfləri üzrə 20-dən çox zərf nəzərdə tutulmuşdur. Hansı ki, məşğulluq orqanlarında işsiz kimi qeydiyyata alınan vətəndaşlarımızın müraciət etmək hüququ vardır. İlk növbədə həmin şəxslərin məşğulluq imkanları qiymətləndirilir. Daha sonra onlara müvafiq olaraq uyğun olan – burda əsas nəzərdə tutulur ki, vətəndaşımızın bu sahə üzrə həm təcrübəsi, həm də bacarığı olmalıdır. Cari ilin 5 ayı ərzində 4113 nəfər özünüməşğulluq proqramına cəlb olunmuşdur. Həmin şəxslərə müvafiq sahələr üzrə təlimlər keçilir, biznes planlar nəzərdə tutulur. Və biznes planları uğurla verən şəxslər qiymətləndirmə mərhələsini də keçdikdən sonra aktivlərlə təmin edilirlər”.
Aktivlər, yəni işə başlamaq üçün nəzərdə tutulan avadanlıqlar şəxsə müqavilə əsasında verilir. Müqavilə müddəti 1 ildir və bu müddət başa çatdıqdan sonra vətəndaşın seçdiyi fəaliyyət istiqaməti onun biznes planına uyğun hesab edilərsə həmin aktivlər vətəndaşın mülkiyyətinə verilir. Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, 2023-cü ilin sonuna kimi 16 mindən çox vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunması nəzərdə tutulur.
Aişə Rzayev
- Baxış: 204