• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 11.06.2023 20:04

Kart itirildiyi halda hesabınızdan vəsait çıxarıla bilər

KepezTV Player

Hazırda rəqəmsal ödənişlər, xüsusilə də ödəniş kartları ilə aparılan nağdsız əməliyyatlar həyatımıza daha dərindən nüfuz etməkdədir. Belə olan halda, ödəniş kartlarından istifadə ilə bağlı təhlükəsizlik məsələləri də xüsusi olaraq gündəmə gəlir. Ən çox da son zamanlar geniş istifadə olunan təmassız ödənişlər zamanı. Bununla vətəndaşlar nələrə diqqət etməlidir? Mütəxəssislər nə tövsiyə edir? Sıradakı materialımızda biləcəksiniz.

Son günlər ölkəmizdə həyata keçirilən ödənişlərin əksəriyyəti kartlardan istifadə etməklə icra olunur. Hər bir ödəniş alətinin öz üstün və riskli tərəfləri olduğu kimi, ödəniş kartlarının da istifadəsində müəyyən risklər mövcuddur. Belə ki, kart itirildiyi təqdirdə onu tapan şəxs vəsaitdən istifadə edə bilər. Rəşad Əliyev- zərərçəkən: “Bank kartımı itirmişdim və durmadan telefona bildiriş gəlirdi ki, kartınzdan vəsait çıxılır. Ondan sonra banka müraciət elədim və dərhal kartımı bloklaşdırdım. Artıq bloklaşdırana kimi kartın içərisindən xeyli vəsait çıxarılmışdır”.

Kartlardan alış-veriş mərkəzlərində, mağazalarda istifadə zamanı müəyyən məbləğə qədər ödənişlər üçün onun şifrəsini belə yazmağa ehtiyac qalmır. Kartı oxunma qurğusuna yaxınlaşdırdıqda ödəniş avtomatik həyata keçirilir.

Qismət Əkbərov- mağaza əməkdaşı: “Gün ərzində 100 müştəri yaxınlaşdıqda, hardasa 50 nəfəri kartla ödəniş edir. Kartla ödənişləri 100 manata qədər, sadəcə yaxınlaşdırırlar aparata, elə ödəyirlər. 100-dən çox olarsa kod istəyir”.

Əməliyyatların sadələşdirilməsi üçün yaradılan bu sistem müştərilərin rahatlığı üçün düşünülüb.

Ümid İsgəndərov- mütəxəssis: “Bildiyiniz kimi, daha əvvəllər həmin kartlardan istifadə etmək üçün Mərkəzi Bank 50 manata kimi ödənişləri pin kodsuz- təmassız ödənişə icazə verirdisə, son zamanlarda artıq 100 manata kimi məbləğləri kartdan kod tələb etmədən alış-veriş eləmək olur. Təmassız ödənişlərin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var ki, gərək təhlükəsizlik tədbilərinə əməl olunsun. Kartı başqa yerdə unutmaq, kartı başqasına vermək, kart məlumatlarını başqasına vermək təhlükəsizlik baxımından düzgün deyil. Bununla bağlı müraciətlər çoxdur. Biz də vətəndaşlara uyğun şəkildə məlumat veririk ki, kartın təhlükəsizliyinə birinci növbədə özləri əməl eləsinlər. Bundan başqa bankların kartlarla bağlı üstünlükləri də var. Hal-hazırda bu sahə çox geniş inkişaf edib. Belə ki, indi heç kart olmadan da müştərilər öz kart məlumatlarını mobil telefonlarına daxil edə bilərlər və NFC funksiyası vasitəsilə kart olmadan da öz mobil telefonları ilə ödəniş edə bilərlər”.

Kart məlumatlarının etibarlı mühafizəsi üsullarından biri də 3D təhlükəsizliyin aktivləşdirilməsidir. Bu halda onlayn əməliyyatlar zamanı kartla ödənişdən əvvəl şəxsi nömrəyə birdəfəlik şifrələr göndərilir.

Şahin Rzayev- İT mütəxəssisi: “Kartlardan istifadə edərkən maksimal dərəcədə diqqətli olmaq lazımdır. Xüsusən oyun saytlarında və alış-verişlərdə çalışmaq lazımdır ki, kartdakı məlumatların hamsını qeyd etməyəsiniz. Adətən bəzi saytlarda kartın üzərində olan 16 rəqəmi yox, məhz kart haqqında olan bütün məlumatlar qeyd olunur. Çalışmaq lazımdır etibarlı saytlardan istifadə edəsiniz. Yaxşı olar ki, istifadəçilər 3D təhlükəsizliyidən istifadə etsinlər”.

Vətəndaşlar öz kartları ilə bağlı təhlükəli əməliyyatlar görsələr və ya kart məlumatlarını dəyişmək istəsələr, müvafiq banka müraciət etməlidirlər.

Aişə Rzayeva