• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 10.06.2023 20:36

Balın məhsuldarlığı necə olacaq?

KepezTV Player

Qeyri-sabit hava şəraiti, yağışların yağması arıçıların işini əməllicə çətinə salıb. Şəmkirli təsərrüfatçıların fikrincə, belə davam etsə bu il min bir dərdin dərmanı hesab edilən balın məhsuldarlığı aşağı olacaq. Mütəxəsislərin isə mövcud vəziyyətlə bağlı öz tövsiyələri var.

Şəmkirdən olan arıçılar adətən may ayının sonu, iyun ayının əvvəlində ilin ilk bal süzümünü həyata keçirirdilər. Bu vaxtlar arıxanalarda işləmək lazım gəlirdi. Belə ki, bal süzümündən sonra arıların dağlara aparılmasına hazırlıq həyata keçirilməlidir. Bu, ilk bal süzümündən sonra bol məhsulun davamını götürmək üçün olduqca vacibdir.

Hər il bu vaxt arıçılar öz arılarını dağətəyi yerləri aparır. Ancaq bu il havanın qeyri-sabit keçməsi, yağışlı olması arıçıların bu sahədə işini ləngidir. Məhz elə bunun üçün də arıçılar öz arılarını dağətəyi yerlərə apara bilmir. Şübhəsiz ki, vəziyyətin bu cür olması məhsuldarlığa da öz mənfi təsirini göstərir.

İndi arıçıların bol məhsul götürməyə ümidləri yoxdur. 

Füzuli Verdiyev- arıçı: “Ötən il orta məhsuldarlıq hər arı ailəsinə 30-35 kq olmuşdusa, bu il hələ may balının süzümü olmayıbdır. Keçiriləsi də olsa məhsuldarlıq çox aşağıdır. Ötən il yeşikdə üçmərtəbəli bal təmiz süzülüb çəkilirdisə, indi çəkilsə 2-3 ramka ancaq çəkilər. Hər arıdan 5-6 litr süzülsə, bu il üçün böyük nailiyyətdir. Səbəb də yağışların intensiv yağmasıdır”.

Vadət Mürşüdov- arıçı: “Havanın bu cür qeyri-sabit keçməsindən məhsuldarlıq çox aşağıdır. Qabaqlar arımızı dağətəyi yerlərə aparanda biz bal süzümü edirdik. Daha sonra dağa aparırdıq. Ancaq indi elə bir iş yoxdur. Yağış yağır, çiçəyin nektarını yuyur, arı da şirə çəkə bilmir”.

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən şifahi olaraq bildirildi ki, 2022-ci ildə 772 fermerə məxsus 17 min 633 arı ailəsindən 150 ton bal tədarük edilib. 2023-cü ildə 812 fermerə aid 18 min 775 arı ailəsi qeydiyyata alınsa da, bal məhsulunun çox olacağına bir o qədər də ümid yoxdur. Arıçıların düşdükləri bu çətin durumla bağlı mütəxəsSislərin tövsiyyələri var. Məhsuldarlıq aşağı olsa belə, deyilən qaydalara əməl etməklə arıların sağ qalmasına nail olmaq mümkündür.

İsa İsrafilov- ADAU-nun dosenti: “Bunun qarşısını almaq üçün arı ailələrini süni qidalandırmaq lazımdır. Bunda adətən, şəkəri suya qatıb verirlər, bu da aldadıcı yemdir. Yaxşı olar ki, kandi verərsən onun da tərkibində 50 faiz bal var. Bitki tərkibli qidalar var. Bu hazırladıqları şəkər şərbətinin tərkibinə yumurtanın sarısını əlavə etsinlər. Adi mayanı qatıb vermək lazımdır ki, ananı yumurta qoymağa məcbur etsin”.

Hər il dövlət tərəfindən hər arı ailəsinin xərcinə görə 10 manat subsidiya verilir. Ötən il ölkə üzrə təxminən 20 minə yaxın arıçı 200 minə yaxın arı ailəsindən 7 min tona yaxın bal tədarükü edib. Bazarda alıcılara balın 1 kq 30-35 manata təklif edilib. Bu il vəziyyətin necə olacağını zaman göstərəcək.

Elnur Vahidoğlu