• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 10.06.2023 20:35

Dağ rayonunda sakinlərin işi "ASAN"laşıb

KepezTV Player
Artıq bir neçə gündür ki, səyyar "ASAN" avtobusu Daşkəsən rayonunda fəaliyyətə başlayıb. Sakinlərə Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirliklərinin müxtəlif xidmətləri təklif olunur. Şəxsiyyət vəsiqəsinin və pasportların verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı qeydiyyatın aparılması kimi fəaliyyətlərdən yararlanmaq imkanı yaradılıb. Yardımçı funksional xidmətlərə isə tibb xidmətləri, dövlət rüsumlarının qəbulu üçün bank xidmətləri, tərcümə xidmətləri daxildir. İyunun 23-nə kimi rayonda göstəriləcək səyyar xidmətlərdən Daşkəsən ilə yanaşı yolu bu ryona düşən ətraf ərazilərin sakinləri də faydalana bilər. Vətəndaşlar üçün dövlət xidmətlərinin əlçatanlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq "ASAN" avtobusunun Daşkəsəndə olmasının məqsədidir.
Nailə Məmmədova- sakin: "Sənədləşmə işini aparmaq çox çətindir, problemlərimiz çox olur. Gəncə şəhərinə üz tutmalı oluruq. Gözləyirik "ASAN" Xidmət gələndə problemlərimizi həll edirik. Bu xidmət üçün təşəkkür edirik".
Ceyhun Əliyev- qazi: "Eşitdim ki, "ASAN" Xidmət rayonumuza gəlib. Mən də şəxsiyyət vəsiqəmi dəyişmək üçün müraciət elədim. Sağ olsunlar yerində həll etdilər".
Mehrac Cabbarlı- Səyyar xidmətin qrup rəhbəri: "Vətəndaşların müraciəti olur. Hansı ki, gün ərzində 50-dən artıq vətəndaş müraciəti qeydiyyata alınır. Sıxlıqda əsasən şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, notarial xidmətlərdir".