Ermənilərin təxribatları bu həftə də səngimədi. Ordumuzun bir neçə istiqamətdəki mövqeləri atəşə tutuldu. Qanunsuz erməni silahlıları fortifikasiya qurğuları quraşdırmağa da cəhd göstərdilər. Bütün bunlar isə Rusiya sülhməramlılarının gözü qarşısında baş verdi. Təbii ki,bütün bunların qarşısı alındı, ordumuz bütün istiqamətlərdə adekvat cavab tədbirləri gördü…
Rusiya sülhməramlılarının müvəqqəti yeləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlıları aktivləşib. Bu həftə ərzində demək olar ki, hər gün fasilələrlə Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğu barədə Müdafiə Nazirliyi məlumat yaydı. Siyasi şərhçilər deyirlər ki, onlar bu əməlləri ilə yeni münaqişə zonası yaratmağa və reinteqrasiya prosesinə mane olmağa çalışırlar.
Məhəmməd Əsədullazadə- siyasi şərhçi: “Ağdam istiqamətində dronlar qaldırmaqla kəşfiyyat işləri həyata keçirirlər və bu, onu göstərir ki, Qarabağdakı separatçıların fəaliyyəti Azərbaycana tabe olmamaq və yeni təxribatlar həyata keçirməkdir. Təbii ki, Azərbaycanın antiterror əməliyyatı keçirməsi də labüddür. Çünki, onların oradakı fəaliyyəti birbaşa Azərbaycanın suverenliyini, təhlükəsizliyini təhdid edən əsas faktordur”.
Qanunsuz erməni silahlıları davamlı olaraq fortifikasiya qurğuları quraşdırmağa da cəhd edirlər. Onlar kənd təsərrüfatı işləri adı altında əsaslı şəkildə müdafiə, yəni mühəndis-istehkam qurğuları qururlar. Əlavə vasitələr, beton sədlər gətirilir, sığınacaqlar düzəldilir. Separatçılar sanki bu təxribatları ilə Azərbaycan tərəfinin cavab reaksiyasına nail olmağa çalışır.
Elxan Şıxəliyev- hərbi ekspert: “Mövqelərin hazırlanması üzərindən özlərini açığa çıxarırlar ki, Azərbaycan silahlı qüvvələri də buna adekvat davransın. Verilən cavab nəticəsində Qarabağda erməni məhv edilsin və onlar beynəlxalq səviyyələrdə aparılan danışıqlarda Azərbaycan Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyinə təminat verə bilməz ab-havası yaratsın”.
Bütün bunlar isə Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Hətta onların müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə yük daşınmasına dair yeni görüntülər də yayılıb. Həmin görüntülərdə sülhməramlı kontingentin qeyri-qanuni erməni silahlı dəstələri üçün daşınan hərbi yüklərin mühafizəsini davam etdirdiyi əksini tapır.
Azərbaycan Ordusu ərazilərimizin təhlükəsizliyinin keşiyindədir. İstər Ermənistanla sərhəddə, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mövqelər təkmilləşdirilir. İstənilən təxribatın qarşısı dərhal və adekvat şəkildə alınır.
Fərid Mehdiyev
- Baxış: 158