Artıq tut ipəkqurdu yetişdirən rayonlarda kümçülər baramanın tədarükünü edirlər. Qərb bölgəsində baramaçılığı inkişaf etdirən rayonlardan biri olan Samuxda da kümçülər bir aydan artıqdır ki, yetişdirdikləri baramanı təhvil verirlər. Bu il rayonda baramanın çox və keyfiyyətli olması kümçüləri sevindirir.
Samuxda aprel ayının sonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 29 kümçüyə 80 qutu pulsuz olaraq tut ipəkqurdları verilib. Kümçülər göstərilən bu etimadı doğruldaraq, verilən ipəkqurdalarına vaxtlı-vaxtında qulluq edib, onların yemlənməsini həyata keçiriblər. Məhz elə bunun nəticəsidir ki, bu il kümçülər hər qutudan 50 kq-a yaxın məhsul götürürlər. Yığılan məhsul ötən ilə baxanda çoxdur.
Firuz İmanov- kümçü: “Şükür, yaxşı məhsulumuz var. Yaxşı nəticələr əldə edəcəyik. Biz bunun öhdəsindən gəldik. İndi də hazırda büküm ərəfəsindəyik. Bir ailənin normal dolanışığı üçün bu 40 gün ərzində çox yaxşı gəlirdir”.
Hazırda Samuxda Şəki İpək Kombinatının işçiləri tərəfindən kümçülərin yetişdirdikləri baramaların qəbulu prosesi aparılır. Aqrar İnkişaf Mərkəzində yaradılan məntəqədə baramanın tədarükü aparılır. Baramanın keyfiyyətinə diqqət yetirilir. Bu il Samuxda kümçülər ötən illə müqayisədə yüksək keyfiyyətli və bol barama verməyi nəzərdə tuturlar.
Azər Hacıyev- Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: “Respublikamızın bir çox rayonunda olduğu kimi, Samux rayonunda da tut ipəkqurdları bəslənilir. Rayon ərazisində 10 min ədəd tut ağacı var ki, hazırda yem bazası kimi istifadə olunur. Ötən il 2400 kq barama tədarük olunduğu halda, bu il 3000 kq-dan artıq barama məhsulu gözlənilir. Hazırda barama tədarükü davam etdirilir”.
Əyyub Mustafayev- Şəki İpək Kombinatının işçisi: “Baramanı biz qəbul edirik. Keyfiyyətinə, sağlamlığına baxıb yığırıq. Sənədləşdirib, Şəki İpək Kombinatına təhvil veririk. Göyçay, Ucar rayonlarında bu işlər davam etdirilir. Barama ilə məşğul olan rayonların hamısında bu işlər gedir”.
Ötən il Samuxda 21 kümçüyə 55 qutu tut ipəkqurdu verilib və orta məhsuldarlıq 42 kq olub. Bu il məhsuldarlıq 8 kq-a yaxın çoxdur.
Elnur Vahidoğlu
- Baxış: 1804