• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 06.06.2023 20:47

Mühəndis təminatı üzrə tədbirlər görülür

KepezTV Player

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir. Cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30 890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Bundan başqa, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib. Minaların təmizlənməsi işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Əlahiddə Ümumqoşun Orduda isə tabor, divizion komandirləri və onların müavinlərinin hərb sənəti, bölmələrin idarə edilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərar qəbuletmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə komandir hazırlığı məşğələsi keçirilib. Məşğələ zamanı zabitlər xüsusi təyinatlı bölmələr tərəfindən kəşfiyyat cığırının dəf edilməsi və yüksəklikdə yerləşən düşmən obyektlərinin ələ keçirilməsi üzrə fəaliyyətləri izləyiblər. Məşğələnin sonunda zabitlərə bölmələrin idarə olunması və döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı da davam edir. Plana uyğun olaraq, hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilir, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.