• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 01.06.2023 10:02

İki qardaş bıçaqlandı

KepezTV Player

Tovuzda qaynatasının evinə qonaq gedən kürəkən və onun qardaşı qaynı tərəfindən bıçaqlanıb. Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Məlumata görə qohumlar arasında dava qardaşlardan birinin övladının dünyaya gəlməsinin 40-cı günü ilə bağlı keçirilən mərasimdə baş verib. Əvvəlcə Quliyevlər ailəsinin kürəkəni İsrail Cəfərovla qayını Zəlimxan Quliyev arasında mübahisə yaranıb. Qayını aralarındakı mübahisəyə bıçağa əl atmaqla son qoyub. Nəticədə İsrail Quliyev kürək nahiyəsindən bıçaqlanıb. Bu zaman qardaşına köməyə gələn Gündüz Cəfərova isə sinə nahiyəsindən bıçaq zərbəsi endirilib. Bundan sonra davanın miqyası böyüyüb. Nəticədə Zəlimxanın özü və atası İlham Quliyev də müxtəlif bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib və vəziyyətləri kafi və orta-ağır qiymətləndirilib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Rəna Cəfərova- zərərçəkənlərin anası: “Neçə vaxt idi oğlumun oğlu olmurdu. Qızları var idi. Oğlu olmağına görə Quşçuda qaynatasının yanında qonaqlıq verirdi. Yedilər-içdilər, çıxıb gələn vaxt qaynı ilə sözü çəpləşdi. Araya keçəndə bizim başımız qarışdı. Qaynı getdi bıçağı gətirdi, nəecə vurdusa bilmədim. Kürəyinin arasından bıçaqla vurdu. O biri oğlum gəldi köməyə çatanda ki, qardaşımı niyə bıçaqlayırsan, bir dəfə də onu sinəsindən vurdu”.

İlham Quliyev- ev sahibi: “Oturub yeyib-içmişik. Qonaqdır. Həm oğlumun ad günüdür, həm bunun ad günüdür. Həm nəvəmin 40-ı çıxdısıdır. Birdən-birə bir burulğan gəldi düşdü, bu vəziyyət yarandı. Allah şeytana lənət eləsin. İsraili mənim oğlum özünü müdafiə üçün eləyib. Onun ağız-burnuna, sifətinə siz baxın görün nə gündədir. İki qardaş onlar olub, bir də mənim oğlum”.

Kamaləddin Abbasov- həkim: “Üç nəfər xəsarət almışdır. Xəsarətin növü də kəsilmiş-deşilmiş yaralardır. Hal-hazırda xəstələrin vəziyyəti kafidir, qənaətbəxşdir. Ambulator müalicəyə ehtiyac olduğuna görə evə yola salındılar. Həyatları üçün təhlükə yoxdur”.