• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 833
— 23.05.2023 20:11

Yağış və külək fəsadlar törədib

KepezTV Player

Gəncədə və ətraf rayonlarda güclü küləklə müşahidə olunan leysan fəsadlar törədib. Axşam saatlarında hava şəraiti dəyişərək güclü külək və intensiv yağışların dolu ilə müşayiət olunması təsərrüfatlara və meyvə ağaclarına zərər vurub. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində həm insanların, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Gəncədə bir neçə ərazidə ağaclar aşıb, küçələrdə yağış sularının intensivliyi müşahidə edilib. Şah İsmayıl Xətai, Cavad xan, Adil İsgəndərov küçələrində, Xan bağında ağaclardan bir neçəsi avtomobillərin üzərinə düşüb, obyektlərə və evlərə zərər dəyib. Elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Daşkəsən ərazisində də güclü dolu, qasırğa ilə müşayiət olunan leysan yağıb. Rayon mərkəzində elektrik xətlərinə və dirəklərinə, dam örtüklərinə, küçələrarası istinad divarlarına, kəndlərdə körpülərə, meyvə ağaclarına, kənd təsərrüfatı sahələrinə zərər dəyib. Sel-suları palçıq kütlələrini və qaya daşlarını avtomobil yollarına tökərək nəqliyyatın hərəkətinə çətinliklər yaradıb. Əsasən ziyan Qabaqtəpə, Əmirvar, Dəstəfur və Xoşbulaq kəndlərinə dəyib. Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası yerli idarə, müəssisə və xidmət sahələri ilə birgə daxili imkanlar hesabına bərpa işlərini davam etdirir.

Azərbaycanın rayonlarında sabah gündüz, mayın 25-də isə əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.