• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1136
— 23.05.2023 11:30

Videoların avtomatik tərcüməsi texnologiyası təqdim edilib

Google şirkəti machine translation texnologiyasını yeni səviyyəyə yüksəldə bilib. Belə ki, şirkət Google I/O 2023 konfransı çərçivəsində Universal Translator adlı texnologiyanı təqdim edib. Bu texnologiyanın əsasında olan süni zəka sistemi hər hansısa videodakı insanın nitqini tərcümə etməklə yanaşı, insanın artikulyasiyasını (fonetikada nitq səslərinin formalaşmasında ayrı-ayrı tələffüz orqanlarının işinin məcmusu) tərcümə edilmiş dilə adaptasiya edə bilir.

Başqa sözlə desək, insanın danışan zaman onun dodaq hərəkətləri onun başqa dildə danışığını əhatə edən sözlərlə sinxronlaşdırılır. Universal Translator texnologiyasının çalışma prinsipi bir neçə mərhələdən ibarətdir. İlk öncə sistem videoda çıxış edən şəxsin nitqini tanıyır və onu mətn formatına köçürür. Daha sonra mətn lazımi dilə tərcümə edilir və lazımi dilə tərcümə edilmiş mətndən danışıq nitqi tərtib edilir. Bununla belə tərtib edilən danışıq nitqi ilkin versiyanın səs tembrini və emosional çalarını özündə qoruyub saxlayır.

Daha sonra sistem ilkin versiyada danışan şəxsin dodaq hərəkətləri, mimikası və jestlərini tərcümə edilmiş danışıq nitqi ilə sinxronlaşdırır. Bu texnologiyanın bir çox tətbiq sahəsi ola bilər. Lakin bununla belə bu cür texnologiya dələduzlar tərəfindən də istifadə edilə bilər. Bundan narahat olan Google Universal Translator texnologiyasını yalnız etibarlı partnyorları vasitəsilə yaymağı və onun vasitəsilə ərsəyə gəlmiş videolara xüsusi işarələri əlavə etməyi planlaşdırır. Həmin işarələr vasitəsilə istifadəçilər videonun məhz süni zəka vasitəsilə ərsə gəldiyini anlaya biləcəklər.