Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu təşəbbüsə qoşulan Azərbaycanda da bu gün qeyd edilir. Məqsəd muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Gəncədəki muzeylərdə də bu gün canlanma olub.
Nizami yurdu olan Gəncədə 10-a yaxın müxtəlif təyinatlı muzey fəaliyyət göstərir. Onların içərisində ən qədim tarixə malik olanlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin yerləşdiyi binada fəaliyyət göstərən Cümhuriyyət muzeyidir. Bu muzey şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanır. Muzeydə saxlanılan qiymətli eksponatlar, Azərbaycanın ilk pul vahidi olan Bakı bonu və cümhuriyyət liderləri tərəfindən istifadə olunan əşyalar nümayiş etdirilir.
Gəncədə fəaliyyət göstərən muzeylər içərisində yer alan Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyi də bu gün ziyarətçilər üçün pulsuz olub. 1985-ci ildən fəaliyyət göstərən muzeydə 4 bölmə fəaliyyət göstərir. Burada 285 adda eksponat və qəhrəmanın həyatını əks etdirən 161 ədəd fotoşəkil saxlanır. Həmçinin şəxsi əşyaları, ailəsinə yazdığı məktublar yer alır.
Ziyatərçilər əməkdar elm xadimi Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılan ev-muzeyində də olublar. 2007-ci ildən fəaliyyət göstərən məkanda dahi yazıçının müxtəlif dövrlərdə yazdığı əsərləri, medalları, şəxsi əşyaları olmaqla 500-dən çox eksponat yer alır. Açıq qapı günündə muzeydə həm də Gəncə şəhər uşaq incəsənət məktəbinin zəfər ansablının ifasında musiqilər səsləndirilib.
Açıq qapı günündə ziyarətçilər Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olmaq imkanı qazanıblar. Burada Heydər Əliyevin ölkəmizə birinci və ikinci hakimiyyəti dövründə Gəncəyə olan ümumilikdə 11 səfərinə aid olan fotoşəkillər yer alır. Heydər Əliyevin fəaliyyəti dövründə qəbul edilən müxtəlif qərarların nümunələri və 800-dən çox eksponat təqdim olunur.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə dövlət qayğı ilə yanaşır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında müstəsna əhəmiyyəti olan muzeylərin genişləndirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi diqqətdə saxlanılır.
Aişə Rzayeva
- Baxış: 488