Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib. Prezident İlham Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Təşkilat ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edib. Njupuo Yap Mariatu Azərbaycanın Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi köməyin təşkilat tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən 1000 evin tikintisi ilə bağlı məlumat verib. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərimizə qarşı ballistik raketlərin atıldığını, dinc sakinlərimizin qətlə yetirildiyini, eyni zamanda, energetika obyektlərimizə də hücumların olduğunu da qeyd edib, azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verib.
- Baxış: 345