• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 14.05.2023 20:02

Gözəllik eksperimentlərinin qurbanına çevrilməmək üçün...

KepezTV Player

İnsanlar hər zaman gözəl görünməyə çalışırlar. Xüsusən də qadınlar. Gözəllik isə qurban tələb edir. Müasir dövrümüzdə bu qurban estetik əməliyyat masasına uzanmaq sayılır desək, bəlkə də yanılmarıq. Ancaq təəssüf ki, hər əməliyyat heç də uğurlu alınmır. Xüsusən də son zamanlar daha çox müraciət olunan burun əməliyyatları. Bəs insanlar doğrudanmı ehtiyacları var deyə əməliyyat olunurlar? Rinoplastikanın riskləri nələrdir? Bu mövzu haqqında əməkdaşlarımızın araşdırması var.

Bir neçə gün öncə Bakıda xəstəxanalardan birinə ağır vəziyyətdə yerləşdirilən 23 yaşlı xanımın tibbi müdaxilələrə baxmayaraq vəfat etməsi ilə bağlı məlumat yayılıb. Məlum olub ki, o, 5 gün əvvəl rinoplastika əməliyyatı etdirib və orada komaya düşüb. İnsanların gözəlləşmək istəməsi bəzən onların həyatına son qoyur. Bəziləri sırf zahiri görkəmindən narazı olduqları üçün bıçaq altına uzanmaqdan çəkinmirlər. Nadir hallarda isə doğrudan bu əməliyyata ehtiyacı olanlar müraciət edir.

Jalə Məmmədova- pasiyent: “21 yaşım var. Həkimin yanına öncədən yazılmışdım. Burunla bağlı problemlərim var- nəfəs alma problemim. Eyni zamanda xarici görünüş problemi. Həkim müayinə etdi. Əməliyyat planlaşdırırıq. Necə istədiyimi həkimə dedim. Həkim də üzümə uyğun burun yaradacağını dedi. Qorxu da bütün əməliyyatlarda müəyyən qədər olur. Həkimə, xəstəxanaya güvənəndə hər şeyin qaydasında olacağını düşünəndə, qorxuları atlatmaq mümkündür”.

Rinoplastika ölkəmizdə müraciət olunan əməliyyatlar sırasında demək olar ki, birincidir. Müraciət edənlər isə əsasən gənclərdir. Kimiləri əməliyyata burunun əsas funksiyası olan tənəffüsün bərpası üçün, kimiləri isə estetik gözəlləşdirmə üçün yollanır. Ancaq bu gözəlləşmə də hər zaman uğurlu alınmır.

Tale Qasımov- Cərrah: “Günümüzdə birincili burun əməliyyatlarından çox, 2 və 3-cü əməliyyatların müayinəsi üçün gələn xəstənin sayı ildən-ilə çoxalmaqdadır. Burun əməliyyatlarında daha çox 18 yaşdan yuxarı olan pasiyentlər müraciət edirlər. Günümüzdə artıq 18 yaşdan aşağı olan pasiyentlər də müraciət edir, ancaq biz çalışırıq ki, bu qrup yaşlarda əməliyyat icra etməyək. Çünki, burunun sümük, qığırdaq sisteminin şəkilləndirilməsi, tamamlanması üçün 17-18 yaşı gözləyirik”.

Rinoplastika qapalı və açıq formada olmaqla 2 növə ayrılır. Bu üsulların fərqi burunun sümük, qığırdaq toxumasına hansı formada yaxınlaşmadır.

Tale Qasımov- cərrah: “Birincili burun əməliyyatı zamanı, əgər burunda çox iş olmayacaqsa, qapalı üsuldan istifadə edirik. Ancaq burun ucunda çox işləməyə gərək olsa təbii ki, açıq üsuldan istifadə edirik. Uğursuz əməliyyatlarda yəni 2-ci və 3-cü əməliyyatlarda çalışırıq ki, açıq əməliyyata üstünlük verək ki, burunun içində daha çox iş görürük, əməliyyat saatı uzun olduğu üçün daha çox işləmək lazım olur. Heç biri təhlükəli deyil. Bəzən xalq arasında belə bir fikir var ki, açıq üsul qapalı üsuldan daha travmatikdir. Ancaq bu, belə deyil. Mən hər iki üsuldan istifadə edirəm, xəstənin seçimini də nəzərə alıram”.

Rinoplastika ilə bağlı müraciət edənlərin əksəriyyəti sırf estetik görünüşlə bağlı olanlardır. Həkimlər məsləhət görür ki, riskli, həmçinin uğursuz alınma ehtimalı da olan burun əməliyyatlarına getməzdən əvvəl insanlar bir daha düşünsünlər.

Aişə Rzayeva