• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 12.05.2023 19:53

Azərbaycanda xərçəng xəstəliyi cavanlaşıb

KepezTV Player

Dünya yarandığı gündən insanlar bir çox ciddi xəstəliklərdən əziyyət çəkir. Onlardan ən təhlükəlisi də “əsrin bəlası” hesab olunan xərçəng xəstəliyidir. Bu xəstəlik qoca-cavan demədən, günü-gündən ciddi şəkildə artmağa doğru davam edir. Bir çox hallarda körpə uşaqları ana-atasız, ana-ataları da balasız qoyur. Üstəlik bundan qurtulmaq yolu da olduqca çox maliyyə vəsaiti və bolluca əziyyət tələb edir. Qarşıdakı videomaterialımızda gün keçdikcə cavanlaşan xərçəng xəstəliyindən danışacağıq.

Dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstəliyi son illər artmaqla yanaşı, həm də gəncləşməyə başlayıb. Ölkəmizdə artıq məktəbyaşlı uşaqlar arasında belə bədxassəli şişlərlə xəstələnmə diaqnozunun qoyulması halları müşahidə olunur. Gəncə şəhər Onkoloji xəstəxanasına ay ərzində 150-dən çox müraciətin daxil olması, bunu bir daha təsdiqləyir. Əvvəlki dövrlərlə müqayisədə tibb müəssisəsinə müraciətlərin sayında bir qədər artım var. 

Namiq Piriyev- Onkoloji xəstəxananın baş həkimi: Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayında artım müşahidə olunur. Ancaq son illər Azərbaycanın inkişafını nəzərə alaraq, müayinə və müalicənin vaxtında edildiyi, erkən müraciət olduğu halda müalicəni 90-100 faizə kimi əldə etmək olur. Ümumiyyətlə onkoloji xəstəlik bütün yaşları əhatə edir. Yəni uşaq yaşında da ola bilər və ya daha böyük yaşda olan insanlarda da. Əsasən qadınlarda ginekologiya, süd vəzi xərçəngidir, kişilərdə isə mədə-bağırsaq, sidik kisəsində aşkar olunur”.

Həkimlər deyir ki, kimdə ki immunitet həmin hüceyrəni məhv edə bilmir, o zaman xərçəng xəstəliyi əmələ gəlir.Ən çox görülən xərçəng tipləri kişilər və qadınlar arasında fərqlidir. Burada əsas səbəb hormonal dəyişikliklərdir. Gənclərdə ən çox rast gəlinən xərçəng növləri limfoma, sarkomalar, melanoma, testis, süd vəzi, kolon xərçəngi, uşaqlıq boynu və yumurtalıq xərçəngi hesab olunur. İstənilən növdə əlamətlərin üzə çıxması isə dərhal həkim yanına getməyi vacib edir.

Anar Vaqifli- həkim: “Artmağının səbəbi - həm ekoloji dəyişiklikləri nəzərə alırıq, həm də düzgün qidalanmanı nəzərə alırıq. Bunların hamısı birbaşa xərçəngin artmasına və geniş yayılmasına şərait yaradır. Artıq əlamətləri üzə çıxırsa, bu, o deməkdir ki, bu, xəstədə çoxdan inkişaf etməyə başlayıb. Ən çox rast gəlinən küt ağrılar, tez-tez mədə bağırsaq pozulmaları, selikli ifrazatın olması və yaxud da ki, qanın olması bu, artıq şübhələndirməlidir, xəstə mütləq müayinə olmalıdır və bu zaman tez müayinə olarsa xərçəngin erkən forması tez bir zamanda aşkar edilə bilər”.

Xərçəng hadisələrinin yüzdə 30-50%-nin risk faktorlarından qaçmaqla qarşısının alına biləcəyini ifadə edən mütəxəssislər erkən diaqnoz və uyğun müalicə ilə bir çox xərçəng növünün sağalma şansının yüksək olduğunu bildirirlər. Bunun üçün xəstəliyin əlaməti görülməsə belə, ən az ildə 1 dəfə müayinə şərtdir. Bu xəstəliyin qurbanı olmamaq üçün düzgün həyat və düşüncə tərzi formalaşdırıb, normal qidalanmamıza diqqət etməliyik.

Aişə Rzayeva