• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1058
— 12.05.2023 20:10

Fransa Ermənistandakı səfirliyinin yanında hərbi attaşenin təyini barədə qərar qəbul edib

KepezTV Player

Fransa bölgədə sülh əleyhinə pozucu fəaliyyətini davam etdirir. Bu ölkə Ermənistana yeni hərbi attaşe göndərməklə öz niyyətini açıq-aydın göstərir. Yeni hərbi attaşenin İravəna gəlməsi hələ 2022-ci ilin sentyabrında Ermənistanın müdafiə nazirinin Fransaya səfəri zamanı müzakirə olunub. İndi isə faktiki olaraq rəsmiləşir. Ermənistana silah tədarükünə nəzarət edəcək attaşenin təyin olunması Avropa İttifaqının prinsiplərinə ziddir.

Fransa Ermənistanın silah təchizatı ilə bağlı yeni addımlar atmağa başlayır. Bu barədə qərarı şəxsən prezident Emmanuel Makron özü qəbul edib. Silah tədarükünün tənzimlənməsi üçün Fransanın Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin olunması gözlənilir. Hərbi attaşe dağıdıcı silahların Ermənistana tədarükünə nəzarət edəcək.

Yeni təyinat Ermənistanla silahlanma məsələləri üzrə ikitərəfli komitənin fəaliyyətinin bərpa edilməsi ilə üst-üstə düşür. Bu orqan Ermənistan Müdafiə Nazirliyinin strateji planlarını və Fransa istehsalçılarından silah alınması məsələlərini müəyyən edir. Bütün bunlar isə Fransanın da üzvü olduğu Avropa ittifaqının prinsiplərinə ziddir. Bu Avropada adi silahlar haqqında sazişin kobud şəkildə pozulmasıdır. Parisin Üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməməsinin növbəti sübutudur.

Bununla da Fransa regionda hərbi balansı Ermənistanın xeyrinə çevirməyə çalışır. Ölkə rəhbərliyinin qərarları bir daha onu göstərir ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olmasına deyil, əksinə, gərginliyin artmasına və yeni münaqişənin alovlanmasında maraqlıdır.