• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 10.05.2023 16:24

Xalqa həsr edilən ömrün 100-cü anı

KepezTV Player
Ümummilli Lider həyatının bütün mərhələlərində Azərbaycanın inkişafı naminə çalışıb. Xalqı və Vətəni üçün misilsiz xidmətlər göstərib. Əsasını qoyduğu böyük dövlətçilik konsepsiyasında regionların inkişafı xüsusi xətt olub.
Göygöldə də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilərək önünə gül-çiçəklər qoyulub. Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla baxış olub. Rəsmi hissədə dahi şəxsiyyətin nəsillərə nümunə olan şərəfli ömür yolundan, müasir müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyətindən geniş danışılıb. Bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edən Heydər Əliyevin misilsiz xidmətlərinin bu gün Azərbaycanı möhkəm və qüdrətli dövlətə çevirdiyi vurğulanıb. Onun əsasını qoyduğu dövlətçilik ənənələrinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyinə diqqət çəkilib. Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyətinin xalqımızın milli sərvəti olduğu bildirilib. Dahi rəhbərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi ilə davam edib.
Goranboyda da ictimaiyyət nümayəndələri və rəsmi şəxslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək ruhuna hörmət nümayiş etdiriblər. Dahi rəhbərin adını daşıyan mərkəzdə sərgilənən eksponatlarla tanışlıq olub, rayona müxtəlif dövrlərdə olan səfərləri barədə ziyarətçilərə məlumat verilib. Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışılıb. İctimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisinin dövlətçiliyin sarsılmaz əsaslarını formalaşdırdığı vurğulanıb. Heydər Əliyevin hakimiyyətdə olduğu Sovet və müstəqillik dövrünün ölkəmizin gələcəyi üçün möhkəm təməl yaratdığına diqqət çəkilib. Xalqın təkidi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı, Azərbaycanın sabitlik və inkişaf dövrünə qədəm qoyması ilə nəticələndiyi xatırladılıb. Heydər Əliyevin ən ümdə və müqəddəs arzularından biri olan azad Qarabağın müzəffər ali baş komandan İlham Əliyev tərəfindən gerçəkliyə çevrildiyi diqqətə çatdırılıb. Yubiley tədbirində Heydər Əliyevin böyük həyat yolu və fəaliyyətini əks etdirən film nümayiş olunub. Goranboylu gənclər tərəfindən təşkil edilən fləşmobda isə "Heydər Əliyev 100" kompozisiyası öz əksini tapıb.
Daşkəsən rayonunda da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümümrayon tədbiri keçirilib. Ulu öndərin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb. Rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib. Tədbirdə müstəqil Azərbaycanın memarı, dahi rəhbər Heydər Əliyevin həyat və yaradıcılığından danışılıb. Onun hər zaman öz xalqını mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığı və ardıcıl mübarizə apararaq müstəqilliyin əbədi etməsi üçün çalışdığı qeyd olunub. Bu gün Ümummilli Liderin siyasi kursu, başlatdığı nəhəng işlərin icrasının onun ən layiqli davamçısı və siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vugulanıb. Sonra “Ulu Öndər Heydər Əliyev” adlı sənədli film nümayiş etdirilib.
Fərid Mehdiyev