Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar. Bildirilib ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər. Dövlətimizin başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verilib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib. Prezident nasos stansiyasını işə salıb. 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.
- Baxış: 259