Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə, odlu silah əldə edib saxlamaqda habelə mağaza və evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar. Baş İdarənin Cinayət-Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İlqar Ələkbərov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman ümumulikdə 27 ədəd narkotik tərkibli güclü təsir edici həblər aşkar edilərk götürülüb. Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-tədbirləri nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Elçin Əliyev saxlanılıb. Şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən Elçin Əliyevin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 ədəd lüləsi və qundağı kəsilmiş müxtəlif markalı ov tüfəngi həmçinin 2 ədəd patron aşkar olunaraq götürülüb. Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qadına qarşı zor tətbiq etməklə mobil telefonunu oğurlayaraq soyğunçuluq etməkdə şübhəli bilinən Vədat Sadıqov da saxlanılaraq istintaqa təhvil verilib. Bundan başqa, Baş İdarənin Cinayət-Axtarışı İdarəsinin və 4-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evlərindən ümumi dəyəri 10.000 manatdan çox olan tikinti və məişət əşyalarını oğurlayan şəxslərin Emin Rzayev və Ruslan Məmmədov olmaları müəyyən olunub. Hər iki şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən Atəş Paşayev saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 407