• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 04.05.2023 12:08

Prezident İlham Əliyev Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına səfər edib

KepezTV Player

Prezident İlham Əliyev Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına səfər edib. Səfərin təfərrüatları qarşıdakı süjetdə. 

Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndinin təməlini qoyub. Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır.

Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində də iştirak edib. Ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsində 156 mənzilin tikintisi nəzərdə tutulur.

Prezident Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlini qoyub. Şəhərin giriş hissəsində, Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək binanın birinci mərtəbəsi müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri üçün nəzərdə tutulub. Burada, həmçinin bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələri fəaliyyət göstərəcək. İkinci və üçüncü mərtəbələrdə isə müxtəlif kateqoriyalara uyğun iş sahələrinin yaradılması planlaşdırılıb.

Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməli də qoyulub. Məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq.

Prezident İlham Əliyev Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib. 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq.

Qubadlı rayonunun Xanlıq kəndinin də təməli qoyulub. Kənd rayon mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir, ümumi sahəsi 273 hektardan çoxdur. Qeyd edildi ki, birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur.

Təməli qoyulan Mahruzlu kəndinin isə ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.

Dövlət başçısının təməlini qoyduğu Zilanlı kəndi Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə isə kənddə 2520 nəfərin yaşaması planlaşdırılıb.

Prezident İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə də tanış olub. Ərazisi 2,2 hektar olan Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir.

Prezident Zəngilan şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib. Bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələrinin fəaliyyət göstərəcəyi binada müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri yaradılacaq.

Prezident “Azərenerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur.

Zəngilanda otel kompleksinin təməlqoyma mərasimi də olub. 110 nömrədən ibarət olacaq otel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Otel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək.

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Yeni xəstəxananın ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq.

Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. Kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin yaşaması üçün planlaşdırılıb, birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur.

Dövlət başçısı Cəbrayılda Xudafərin qəsəbəsinin təməlini qoyub. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək, birinci növbədə 77 sakin köçürüləcək.

Prezident İlham Əliyev “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.