Gəncədə 53 uşaq peyvənddən kənarda qalıb. Bu isə həmin uşaqlarda müxtəlif xəstəliklərin baş qaldırması və müalicə dövrünün çətin keçməsinə əsas yaradır. Ölkədə elan edilən “İmmunlaşdırma həftəsi” məhz belə uşaqları peyvəndləməyə cəlb etmək məqsədi daşıyır.
“İmmunlaşdırma həftəsi” müxtəlif səbəblərdən pevənd vurulmayan 6 yaşa qədər olan uşaqları əhatə edir. Bu məqsədlə Gəncədə 9 Ailə Sağlamlıq Mərkəzinə müraciət etməklə müxtəlif xəstəliklərə qarşı immunitet yaratmaq mümkündür.
Almaz Tomiyeva- Gəncə GEM-in şöbə müdiri: “Peyvəndləmə gecikmiş və yaxud doğulan zaman şəhərdən kənarda olmuş və yaxud yeni gəlmiş uşaqlar arasındadır. Peyvənd planı hər ay diqqətdə saxlanılır. Peyvənd olunmayan uşaqlar daim ASM tərəfindən aparılır və GEM tərəfindən nəzarət edilir. Bu 53 uşaqda həftə ərzində peyvənd yerinə yetiriləcəkdir. Həmin uşaqlar göstərilən peyvəndlərlə təmin olunacaqdır”.
Ümumilikdə uşaq anadan olandan 6 yaşa kimi 11 xəstəliyə qarşı peyvənd olunmalıdır. İmmunlaşdırma həftəsi çərçivəsində peyvəndə cəlb olunan uşaqların siyası hazırlanıb və onların tibb müəssisəsinə gətirilməsi ilə bağlı valideynləri ilə əlaqə saxlanılıb. Bu uşaqların sağlamlığı mütləqdir.
Vüsalə Məmmədova- “Yeni Gəncə” ASM-nin şöbə müdiri: “Bizim Ailə-sağlamlıq mərkəzi 6160 nəfər uşaq əhalisinə xidmət göstərir. Hər bir uşağa Səhiyyə Nazirliyinin, Respublika GEM-inin, eyni zamanda Ümumdünya Səhiyyə Nazirinin təklif etdiyi milli təqvim planına əsasən bu peyvəndlər aparılır. Müəyyən tibb personalı tərəfindən maarifləndirici görüşlər keçirildi. Bizim də Ailə-sağlamlıq mərkəzi tərəfindən peyvənddən kənarda qalan 7 uşaq var. Onlarda müəyyən səbəbdən peyvənd gecikmişdi. Biz onları cəlb etmişik”.
Məcburə Mehralıyeva- sakin: “Nəvələrim peyvəndi gecikmişdi. İşlə əlaqədar uşaqları gətirə bilmirdik. Tez-tez xəstələnirdi. Bu gün peyvəndlə əlaqədar çağırıblar. Ona görə də uşaqlarımızı peyvəndə gətirmişik”.
Leyla Hüseynova- sakin: “Qızımı işimlə bağlı neçə vaxtdır peyvəndə gətirə bilmirdim. Bu gün peyvənd günü ilə bağlı qızımı gətirmişəm. Uşaqlarla çox yaxşı məşğul olurlar”.
Səhiyyə Nazirinin əmri ilə “İmmunlaşdırma həftəsi” aprelin 29-a kimi davam edəcək. Gəncədə peyvənddən keçən uşaların yekun siyahısı gələn ay hazır olacaq və şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim olunacaq.
Elnur Vahidoğlu
- Baxış: 318