• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1078
— 26.04.2023 10:04

Prezident İlham Əliyev: "Avrasiyanın enerji xəritəsini yenidən cızırıq"

KepezTV Player

Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Bolqarıstana işgüzar səfər edən Prezident İlham Əliyev və bu ölkənin Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.

Prezident İlham Əliyev çıxışında bunun enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addım olduğunu vurğulayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Əminəm ki, bu gün keçirilən mühüm mərasim əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacaq. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq. Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq.  

Prezident İlham Əliyev vurğulayıb ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, Azərbaycan xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Neft-kimya məhsulları və elektrik enerjisi, həmçinin ixracımızın bir hissəsidir. Mən, həmçinin enerji inkişaf yolunu xatırlatdığına görə Slovakiyanın nazirinə təşəkkürümü bildirmək istəyirəm. Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün biz XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Eyni zamanda, mən sizə bildirmək istəyirəm ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda biz Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır. Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.

Bugünkü uğur əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır. Son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir. Bunu isə Bolqarıstan dövlətinin başçısı Rumen Radev bildirib.

Rumen Radev - Bolqarıstan Respublikasının Prezidenti: Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu. Buna baxmayaraq, böyük sual qalmaqdadır. Bu həcmdə qaz Avropa İttifaqına konkret olaraq necə çatdırılacaq? Biz qazın qarşıdakı illərdə Avropaya çatdırılacağı barədə düşünürdük. İndi isə mən bu məsələ ilə bağlı təşkilatçılıqlarına və çevik reaksiyalarına görə nazirlərə minnətdarlığımı bildirməliyəm. Bu həll təkcə bizim ölkələrimiz üçün deyil, həm də bütün Mərkəzi və Cənub-Şərqi Avropaya ən sürətli, ən səmərəli və ən sərfəli şəkildə şaxələndirmə istiqamətində həlldir.

Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər. Dövlət başçıları burada yaradılan şəraitlə tanış olublar. Binada ofis əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü də olub. Görüşdə “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulanıb.

Azərbaycan Prezidentinin Bolqarıstana işgüzar səfəri dünən başa çatıb.