Saz tarixən bütün məclislərimizin başında olub. Hər kəs saza-sözə hörmət edib və ona dəyər verib. Bu baxımdan Qərbi Azərbaycan aşıq məktəbinin özünəməxsus yeri, dəst-xətti olub. Bu gün bu məktəbin davamçılarının tək arzusu yenidən dədə-baba yurdunda bu sənəti yaşatmaqdır.
Söz, aşıq sənəti deyəndə, yada düşən bölgələrimizdən biri də Qərbi Azərbaycandır. Buranın aşıqlarının, şairlərinin yazdığı şerlər, ifa etdikləri mahnılar əsrlərdir dillər əzbəridir. 35 ildir yurd-yuvalarından didərgin düşən bu soydaşlarımız yenə də saz-söz sənətini yaşadırlar. Qərbi Azərbaycan dəst-xəttini qoruyurlar. İndi onlara əmanət edilən bu sənəti tarixi torpaqlarımızda davam etdirmək istəyirlər.
Saleh Tağıyev- Qərbi azərbaycanlı:
“Bir möcüzə baş verər, elə an gələr,
Ay Bəhmən, qayıdar, o dövran gələr.
Bu, qoca tarixdir, bir zaman gələr,
Bir də görərsən ki, diridir Göyçə!
Bizim prezident bizə Allah tərəfindən gəlib. Göyçəmizi nəyin bahasına olur-olsun, qaytaracaq. Biz bu telli sazımızı Ələsgər babamızın yurdunda -Göyçənin qarış-qarış yurdunda, bulaqların başında ifa edəcəyik. Biz də sazımızla-sözümüzlə gücümüzlə, qüvvəmizlə, qüdrətimizlə prezidentimizin arxasında dayağıq”.
Oruc Vəliyev- Qərbi azərbaycanlı: “Ermənistan adlı yer olmayıb! Şah İsmayıl Xətainin vaxtında Dəmir qapı Dərbənd, Qara dəniz, Xəzər dənizi, İran, Türkiyə, Azərbaycan olub. İndi bunlar parçalanıb. Qərbi Azərbaycana getməyi hamı istəyir. O vətən bizimdir, torpaq bizimdir! Biz qayıdıb oranı şenləndirəcəyik. Yenə Göyçə mahalı kimi varını yerinə qaytaracağıq”.
1988-ci ildə yurd-yuvalarından didərgin düşən Qərbi azərbaycanlılardan təxminən 5 minə yaxını Daşkəsən rayonu ərazisində məskunlaşıb. Ötən dövr ərzində onların yaşayışı, güzəranı yaxşılaşsa da, ürəklərindəki nisgil heç çəkilməyib.
Ələddin Süleymanov: Qərbi azərbaycanlı: “Miskin Abdal ocağında doğulmuşam. Ulu babam Miskin Abdal olub. O biri ulu babam Aşıq Musa olub, hansı ki, Aşıq Ələsgərlə bir yerdə olub, Ağkilsə kəndində yaşayıblar. Biz aşıq məktəbindən bəhrələnmişik. Miskin Abdalın özü 7 il səfir işləyib. Biz prezidentimizi dəstəkləyirik. Hamımız Göyçə mahalına gedəcəyik. Dağılan, talanan evlər var, muzeylər var onların hamısı qurulacaq, bərpa olunacaq”.
Həbib Musayev- Qərbi azərbaycanlı: “Aşıq Ələsgərin gözəl qoşmaları, gözəlləmələri, təcnisi olub, aşıqlarımızın ən baş ustadı Ələsgər olub. Hər bir aşığın ustadı olub. Bizim dədə Ələsgərimiz Göyçə mahalında qalıb. Əlbəttə, ürəyimiz döyünür ki, gedib onun məzarını ziyarət edək. Mən əminəm ki, prezidentimizin layiqli, uğurlu siyasətinin nəticəsində biz, gedib o torpaqları görəcəyik”.
Lakin, prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı qətiyyətli addımları yarım qalan ümidləri alovlandırıb. Yenidən o torpaqlara qayıdacağımızın yaxın olduğuna şübhə yaratmır.
Elnur Vahidoğlu
- Baxış: 320