• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1954
— 18.04.2023 12:07

Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz

KepezTV Player

Erməni işğalına və təcavüzünə məruz qalan tarixi Azərbaycan torplaqlarında yerləşən mədəniyyət nümunələrimiz böyük vəhşiliklə dağıntılara məruz qalıb. Dağlıq Qarabağ və ermənilərlə sərhəddə yerləşən ərazilərimizdə 500 tarixi-memarlıq abidələri,  22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 20 mədəniyyət sarayı, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası ermənilər tərəfindən məhv edilib.

Bu abidələr sırasında Ağdamda “Cümə məscidi”, “Qutlu Musa” türbəsi kimi bir çox məscid və ziyarətgahların, eləcə də digər tarixi memarlıq abidələrinin adlarını çəkmək olar. Tarixi-mədəni incəsənət nümunələri ilə zəngin olan Ağdam şəhəri, demək olar ki, bütünlüklə yerləyeksan edilmişdir.

Mühüm strateji əhəmiyyətə malik “Xudafərin körpüsü” və yerləşdiyi Cəbrayıl rayonundakı bir çox abidə də erməni vandalizminə məruz qalmış yerlər arasındadır.

Kəlbəcər rayonunda tikilmiş “Xudavəng” və” Gəncəbasar” məbədləri, “Qılınclı” kənd qəbiristanlığı  dağıdılan yerlər sırasındadır. Onlar da eyni vəhşiliyin qurbanı olub və tarixi əhəmiyyəti heçə sayılaraq məhv edilib.

Belə mədəni cinayətlərin sayı hesablamaqla bitməz. Neçə-neçə rayonumuzda keçmişimizi məhv etməyə çalışan ermənilər öz bədxah əməllərini davam etdirmişdir. Ən böyük mədəni cinayətləri arasında isə Şuşa şəhərində həyata keçirdikləri məhvetmə siyasətini göstərmək olar. Onların bu şəhərdə dağıntılara məruz qoyduğu abidələr isə bunlardır -  Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhərnisənin vəsaiti hesabına tikilən “Aşağı Gövhərağa məscidi”, Saatlı məhəlləsində yerləşən eyniadlı məscid, SSRİ xalq artisti Bülbülün ev-muzeyi, dahi Azərbaycan şairəsi Xan qızı Natəvanın evini və onun evində görkəmli xanəndəmiz Bülbülün təşəbbüsü ilə açılan ilk uşaq musiqi məktəbi olan “Şuşa musiqi məktəbi”, eyni zamanda bir çox eksponatın içərisində saxlandığı “Şuşa Tarix-Diyarşünaslıq Muzeyi”, 1985-ci ildə YUNESKO tərəfindən 100 illik yubileyi qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi.

Vandalizm bununla da bitmir. Bülbülün ev-muzeyinin həyətində ucaldılan bürünc büstü də güllələnərək deşik-deşik edilib və ermənilərin mədəniyyətə dəyər verməyən, təcavüzkar bir millət olduğu bir daha öz əskini tapıb.

Bütün bunlar tarixi varlığımızı məhv etməyi hədəfləyən erməni vandalizminin sadəcə kiçik bir hissəsidir. Ancaq heç kim gərək unutmasın ki, bir xalqın mədəniyyətini yox etməyə çalışmaqla, ona qalib gəlmək olmaz! Xüsusilə də, o xalq milli dəyərlərini hər şeydən üstün tutursa...

Aysel Abbasova