İndi sizə Goranboy rayonunun dağ kəndlərindən olan Rusborisinin sakinlərinin qarşılaşdıqları problemlər haqqında danışacağıq. Televiziyamıza müraciət edənlər, yolsuzluqla yanaşı, susuzluqdan da əziyyət çəkir. Çəkiliş qurupumuzun kənddə müşahidə etdiklərini indi siz də biləcəksiniz.
Bu yol Rusborisi kəndinə gedən əsas yoldur. Kənd camaatı bu daşlı-kəsəkli yollardan istifadə edərək, rayon mərkəzinə gedir. Yolun bu cür acınacaqlı vəziyyətdə olması isə kənd sakinlərinin işini daha da çətinləşdirir.
Arif Musayev- sakin: “Mütəmadi olaraq bu yoldan istifadə edirik. Həmişə gedib-gəlirik. Bir gün gediriksə, ikinci gün gedə bilmirik. Maşınımız sınır, yolda qalırıq. Rayon mərkəzindən hansısa taksiyə deyəndə, deyir, o yol gediləsi deyil, getmirəm. Biz də məcbur qalıb, piyada gedirik”.
Rayon mərkəzindən 50 km aralı olan Rus Borisi kəndi 500 nəfərin yaşadığı yaşayış məntəqəsidir. Əkinçilik və maldarlıq sakinlərin əsas məşğuliyyətidir. Amma yolsuzluq əkib-biçdiklərini, sağıb-kəsdiklərini satmaqda çətinliklər yaradır. Yağmurlu havada palçıqda keçilməz, quraqlıq vaxtlarda tozdan gedilməz olan yolda çala-çuxurlar da yetərincədir. Odur ki, məhsulları əllərində qalır. Kənd camaatı deyir ki, yol bizi ətraf mühitdən təcrid edib.
Xasay Əliyev- sakin: “Yollarımız çox çətindir. Gələ bilmirik. Taksi 20 manata gətirir. Yollarımız daşlıdır. Müraciət eləmişəm - su haqqında da, yol haqqında da, mənə cavab gəlib ki, hesab keçməyib, ona görə də ixtiyarımız yoxdur. Xahiş edirəm ki, yolumuz nizama düşsün, asfalt olsun”.
Qeyd edildiyi kimi, kənd sakinlərinin su sarıdan da bəxti gətirməyib. İçməli suyu çətinliklə əldə edənlər kənddəki yeganə bulağın ümidinə qalıblar.
Züleyxa Baxışəliyeva- sakin: “Xahiş edirik ki, bizim suyumuzu, yolumuzu bərpa eləsinləri. Çox çətinlik çəkirik”.
Çəkiliş etdiyimiz zaman əraziyə kənd nümayəndəsinin müavini də gəldi. Özünün də yaşadığı kəndin qeyd edilən problemləri barədə aidiyyatı qurumlara məlumat verildiyini söylədi.
Eyvaz Quliyev- kənd nümayəndəsinin müavini: “Yol problemində hətta, özləri də yolu layihələndirməkdən ötrü gəliblər. Bu yol Toğanaya kimi getməlidir, asfalt çəkilməlidir. İndi o yol hazırda layihələndirilir. İki layihə var. Bu yol gedib o yola qarışmalıdır. Hələlik qalıbdır. Su məsələsi də qıtdır. “Azərsu”ya müraciət elədik, onlar da dedi ki, aidiyyatı üzrə göndərəcəyik, sizə kömək olacaqdır”.
Qaldırılan hər iki məsələ ilə bağlı aidiyyatı qurumlardan da münasibət öyrəndik. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən ilin sonuna kimi kəndə içməli su xəttinin çəkiləcəyinin nəzərdə tutulmadığı bildirildi. Avtomobil Yolları Dövlət Agentliyindən isə bunları dedilər.
Anar Nəcəfli- Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi: “Kəndlərarası avtomobil yollarının qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır. Qeyd etdiyiniz kəndin yolunun da məhz regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həlli nəzərdə tutulub. Bu, Aşağı Ağca kənd, Rus Borisi, Yuxarı Ballıqaya avtomobil yoludur ki, 45 km uzunluğa malik 9 yaşayış massivini birləşdirir. Bununla bağlı maliyyə vəsaiti ayrılan kimi həmin yolun yenidən qurulması işləri Agentliyimiz tərəfindən icra olunacaqdır”.
Hər iki qurumun məsələyə münasibətini olduğu kimi çatdırdıq. Görünür, Rus Borisində yaşayanlar hələ bir qədər də səbr etməlidirlər.
Elnur Vahidoğlu
- Baxış: 326