• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1543
— 13.04.2023 12:30

İran vətəndaşından onlayn narkotik alan qadın və kişi saxlanılıb

KepezTV Player

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və oğurluq cinayəti törədən ümumilikdə 16 nəfər tutularaq istintaqa təqdim olunub. Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotiklərin satışını həyata keçirən Salyan rayon sakini Rafiq Rüstəmov və Ağdaş şəhər sakini Kəmalə Mustafayeva saxlanılıb. Şəxsi axtarış zamanı Kəmalə Mustafatevadan 46 bükümdə satış məqsədilə üzərində daşıdığı heroin və metamfetamin, eləcə də “Tramadol” həbləri, Rafiq Rüstəmovdan isə heroin və psixotrop tərkibli dərmanlar aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduqları “Rasim” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə 300 manata əldə etdikləri məlum olub.

Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər məsuliyyətə cəlb edilib. Onların üzərindən və bəzilərinin yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təhvil verilib.

Qaynaq aparatı, təmir-tikinti alətləri oğurlanıb

Aprelin 9-da isə rayonun Zeynəddin kəndində yerləşən istixanadan ümumi dəyəri 1000 manatdan artıq olan qaynaq aparatının, təmir-tikinti alətlərinin, elektrik naqillərinin və digər avadanlıqların oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin Allahverdi Söyünalıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladıqlarının bir hissəsini satdığı, qalanlarını isə yaşadığı ünvanda gizlətdiyi məlum olub. Tədbirlərin davam olaraq onun gizlətdiyi əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.