• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 12.04.2023 20:19

Toylar azalıb, qızıl bahalaşıb

KepezTV Player

Ramazan ayında toyların sayının azalması bir çox sahələrə olduğu kimi, qızıl bazarına da təsir göstərib. Ancaq alıcılıq qabiliyyətinin aşağı düşməsi, gözlənilənin əksinə, qiymətləri artırıb. Gəncədə qızıl satışı məntəqələrində də müşahidə edilən bu halın səbəbini əməkdaşlarımız araşdırıb. 

Ramazan ayı ilə əlqədar toy məclislərinin sayının azalması qızıl bazarında durğunluğa səbəb olub. Amma bu, qızılın qiymətinə təsir etməyib, daha doğrusu, qiymətli metal ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşıb da, nə az, nə çox düz 25 faizə kimi. 

Dinara Məhərrəmova- satıcı: “Dünya bazarı üzrə qiymət qalxıb. Qızılın qalxması ilə əlaqədar, alış bir qədər zəifləyib. Ancaq, müştərilər arasında satış bir az çoxalıb. Qiymət qalxdığına görə, istəyirlər ki, öz mallarını daha baha qiymətə satalar. Əvvəl tutaq ki, satışımız 76-78 manata qədər idi. Ancaq indi qiymət qalxıb - 88-90 manat idi, 3 gün əvvəl. Bugünki gün 86-87 manata satmaq olur. Qarniturlarımız var, briliantlarımız var ki, toyların az olması ilə əlaqədar onlara tələbat çox deyil. Amma türk qızılına tələbat çoxdur, çünki hədiyyəlik alırlar, gündəliyə taxmağa alırlar”.

Şəlalə Həmidova- satıcı: “Bəlkə də alıcılıq 70 faiz düşüb. 30 faiz alıcı var, o da xırda şeylər alırlar, hədiyyəlik. Ancaq toyluq demək olar ki, heç nə alınmır. Müştərilərimiz gəlib deyir ki, məhərrəmlikdə, orucluqda qiymət düşəcək. Ancaq qızılın öz kursu var, lomun da qiyməti. Onunla bərabər qalxanda da qiymətlər də qalxır. Təbii ki, satış qiymətimiz də artır. Əvvəl tutaq ki, satırdıq 80-82 manatla, indi satırıq 85-88-90 manatla”.

Toylar olmadığından qızılı aşağı qiymətlə almaq düşüncəsində olanlar da yanılıb. Qiymətli metalın əl yandıran qiymətləri düşünülənin tam əksini ortaya qoyub. Azalan alıcını və yaşanan durğunluğu fürsət bilənlər istədiyini almaqda çətinlik çəkir.

Qızılın qiymətində artımın baş verməsi zərgərliklə məşğul olanlara müraciətləri artırıb. Fərdi sifarişlərlə müraciətlər çoxalıb.

Emil Atakişiyev- zərgər: “Satışdan bir az fərq edir. Çünki, satışda məndə düzəltdirirlər, qoyurlar vitrinə. Amma fərdi sifarişi zərgər edəndə birinci əl olur. Ona görə satışdan ucuz başa gəlir. Həm də istədiyi qiyməti usta müştəri ilə arasında dialoqda qaldırmaq da, endirmək də olur. Satışdan fərqli olaraq, zərgərlərə sifarişlər artıb”.

Satıcılar irəliləyən günlərdə toy mövsümünün də başlaması ilə qiymətlərin artan xətt üzrə gedəcəyi istisna etmirlər.

Aişə Rzayeva