Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir. Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.
Rüstəm Muxtarov bu zərərli vərdişdən yaxa qurtaranlardandır. Səbəbi isə respirator xəstəlikdən sonra özündə iradə tapıb siqaretə yox deməsidir. Bununla həm sağlamlığı, həm də cibi üçün qazanc əldə edib. Amma heç də hər kəs uzun illər həyatını zəhərləyən tütünçəkmədən asanlıqla yaxa qurtara bilmir.
Tərkibində 400-ə qədər kimyəvi maddə olan siqaret insan sağlamlığı üçün zərərli olan vərdişdir. Aparılan araşdırmalar da sübut edir ki, ağciyər xəstəliklərinin yaranmasında başlıca amillərdən biri elə siqaretdir. Bu vərdişi tərgitməyinsə bir neçə yolu var.
Yüksəl Hüseynli- həkim: “İlk növbədə, siqaretlə yanaşı istifadə olunan alkoqollu maddələri, kofein tərkibli içkiləri eyni vaxtda dayandırmaq lazımdır. Tərgitmək üçün ilk öncə birbaşa kəs üsulundan istifadə edirik ki, bu, bir az iradə tələb edən bir şeydir, çox adam bunu tərgidə bilmir. Amma digər hallarda birbaşa dayandıra biləcək bir xarakterdə insan deyilsinizsə, o zaman bunu mərhələli şəkildə etməlisiniz. Məsələn, çəkdiyiniz siqaretlərin sayını azaltmalısınız, üzərinizdə götürdüyünüz siqaretləri tərgitməlisiniz. Siqareti ilk 3 gündə çəkməmə vərdişi yaratsaq, fiziki asılılıqdan qurtuluruq. Bundan sonra isə bizə təsir edən psixi asılılıqdır ki, bunu da bir müddət müəyyən bir mübarizə periodundan sonra tərgidə bilərik”.
Mütəxəssislər onu da qeyd edir ki, siqaret çəkmə vərdişinin tərgidildiyi ilk günlərdən etibarən orqanizmdə müsbət dəyişikliklər özünü biruzə verir. Yaranmaqda olan xəstəliklərin riskini azaldır.
Yüksəl Hüseynli- həkim: “İlk bir neçə saat müddətində arterial təzyiqin azaldığını, bir həftə, 10 gün sonra isə artıq digər orqanlarımıza təsirini, qanda dəm qazının miqdarının, nikotinin miqdarının azaldılmasına bağlı olaraq digər sistemlərimizdə dəyişikliklər hiss eləməyə başlayırıq. Bu zaman arterial təzyiq azalmağa başlayır. Qan dövranında nikotinin təsirinin azalmasına bağlı olaraq, öskürmə simptomları azalmağa başlayır və illər sonra artıq bədənimizdə yaratdığı xəstəliklərin əmələ gəlmə ehtimalı dəfələrlə aşağı enmiş olur ki, bu, ağciyər xərçəngi, ürək- damar xəstəlikləri, arterial təzyiqdir ki, bunların azalma ehtimalını dəfələrlə aşağı salmış olur”.
Siqaret aludəçilərində psixoloji asılılıq daha diqqətəçarpandır. Bu kəslər də psixoloq və ya psixiatr nəzarətində davranış müalicəsindən fayda təmin edib siqareti tərgidə bilər və ya antidepressant dərmanlardan kömək alına bilər. Ancaq bu cür dərmanlar həkim nəzarətində istifadə edilməlidir.
Aişə Rzayeva
- Baxış: 313