• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 10.04.2023 12:08

Çay mədəniyyətimiz

KepezTV Player

İllər keçsə belə, öz aktuallığını saxlayan çay mədəniyyətimiz. Tarlalardan gələn süfrəmizin qonağı.

Mədəniyyət cəmiyyətin inkişafının müasir səviyyəsi, nəsildən-nəsilə ötürülən maddi, mənəvi dəyərləridir. Bizim xalqımızın da ən əziz tutduğu, ta qədim zamanlardan qoruyub saxladığı çay mədəniyyəti illər keçsə belə dəyişməyəcək mədəni irsimizdir.

Azərbaycanda elə bir ev ola bilməz ki, gün ərzində orada ən azı bir dəfə çay dəmlənməsin. Çay bizim əsrlərdən bəri istifadə etdiyimiz, gündəlik tələbat duyduğumuz zəruri içki növü sayılır.

Qədimdən qalan ənənəyə görə qonaq gələndə ilk öncə çay təklif edilir. Bu, hər şeydən qabaq, qonağa hörmətin əlaməti sayılır.

Tarixə nəzər salsaq, çayla bağlı ilkin məlumatlara 5 min il əvvələ aid olan Çin əlyazmalarında rast gəlinir və elə çay bitkisinin vətəni də Çin hesab edilir. Bu ölkədə çay yarpağından hazırlanmış həlimin insan orqanizmi üçün faydalı olduğu bilinəndən sonra, bu bitkinin becərilməsinə başlanılıb.

Çayın Azərbaycana aid olan xüsusi növü var ki, “əsasən ölkənin cənubunda  -Lənkəranda becərilir. Adətən, çayın armudu stəkanda içilməsi daha xoş təsir bağışlayır. Azərbaycanda çay süfrəyə, adətən, şirniyyat, mürəbbə, çərəz və limonla birlikdə verilir. Elçilik mərasimlərində qonaqlara çay təklifi adəti bu gün də xalqımızın adətləri arasındadır. Çay süfrəsi ətrafında insanlar həm söhbətləşir, deyib-gülür, bir-birinə ürəklərini açır, həm də problemləri çözməyə çalışırlar…

Atalarımızın söylədiyinə görə, bir çox problemlər məhz çay süfrəsində həll olunardı. Hətta məsələ həll olunmadan, heç kim masadan qalxıb getməzmiş. Odur ki,  sizə ətirli çay süfrəsi arxasında xoş istirahət və könül xoşluğu arzulayırıq!