• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1713
— 02.04.2023 19:28

Cəmiyyətimizdə erkən nikah problemi

KepezTV Player

Bölgələrdə erkən nikah hallarına hələ də rast gəlirik. Aidiyyəti qurumların məsələyə dərhal müdaxiləsi qabaqlayıcı tədbir hesab edilsə də, heç də bütün hallarda buna nail olunmur. Erkən bağlanan nikahlar zamanı ailədaxili münaqişələr, sağlamlıqla bağlı problemlər, boşanmalara rast gəlinir ki, bu da sosial həssas qrupların sayını artırmaqla cəmiyyətdə xoş olmayan mənzərə yaradır. 

Azərbaycanda 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə qeydə alınıb. Belə ki, həmin ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 olub. Ancaq minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində irəliləyən illərdə bu sayın azalması müşahidə olunub. Belə ki, 2019-cu ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 50 faiz azalıb. Ancaq bir fakt da var ki, ölkəmizdə baş verən erkən nikahların sayı rəsmi rəqəmlərdən xeyli çoxdur.

Şəbnəm Cəfərova- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı: “Erkən nikahların qarşısnın alınması üzrə dövlət komitəsi olaraq hər il müxtəlif tədbirlər həyata keçirilir.Tədbirlərdən də ötə ola bilər ki, bu barədə müraciətlər daxil olur və müraciətlər əsasında həmin fakt aydınlaşdırmalıdır. 1-ci növbədə Daxili Işlər Nazirliyi ilə rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq ki, həmin ailə öyrənilsin. Uşağa qarşı edilən xəsarətlər də burda söz məsələsidir. Uşağın sağlamlıq vəziyyəti, daha sonra onun reabilitasiyası, uşağa psixoloji, hüquqi yardım göstərilməlidir. Eyni zamanda, valideynlərin valideynlik məsuliyyəti və erkən nikaha cəlb edildiyi adamla bağlı artıq qanuna müvafiq olaraq qanunlar həyata keçirilir”. Araşdırmalar onu göstərir ki, əksər hallarda yeniyetmələr məhz valideynlərin təzyiqi ilə nikaha cəlb edilirlər. Onlar təbii olaraq, təhsildən də uzaq düşürlər.

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı: “Təəssüflər olsun ki, qızların erkən nikaha cəlb olunma prosesi həyata keçirilir. Təhsil idarəsi olaraq bu prosesə qarşı mübarizə aparırıq. Müvafiq tədbirlər planına uyğun olaraq erkən nikah və qızların təhsildən yayındırılmasına qarşı maarifləndirici söhbətlər həyata keçirilir. Regional Təhsil idarəsi olaraq erkən nikah və qızların təhsildən yayındırılması ilə bağlı həyata keçirilən qrant layihələrə də dəstək göstərilmişdir. Və həmin qrant layihə çərçivəsində bir neçə ümumtəhsil məktəbində valideynlər də cəlb olunmaqla, söhbətlər aparılmışdır”.

Erkən nikah, yeniyetmələri təhsildən, gənclik sevincindən ayırmaqla yanaşı, həm də onlarda ciddi psixoloji fəsadlara, travmalara səbəb olur.

Taciyə Mehdisoy- psixoloq: “Erkən nikaha daxil olan gənclərin əksəriyyəti özünü tanımadıqları üçün münasibətə də xüsusi bəhrə verə bilmirlər. Onların stress dözümlülükləri az olur, özlərini tanımadıqları üçün nə istədiklərini bilmirlər və qarşılarındakı insanlardan da tələbləri yanlış qaydada olmuş olur. Xarakteri formalaşmayan hər hansı bir gəncin yaxşı ana və ya ata olması sual işarəsi kimi bizim önümüzə çıxır. Bu, uşaqlığı alınmış gənclər, yeni bir uşaqlığı əlindən alınmaqda olan uşaqlar yetişdirməyə başlayırlar və bu da həm uşaqların özünə, həm də cəmiyyətə fəsaddır”.

Ötən il Gəncə şəhəri üzrə 400-ə yaxın yeniyetmənin təhsildən yayınması faktı aşkar edilib. Bu hallardan bəzilərinə erkən nikahlar səbəb olub.

Aişə Rzayev