Gəncədə Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanı keçirilib. İmtahan əvvəlki illərin məzunları, 5-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün təşkil edilib. Bundan başqa, mart ayında keçirilən buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməyən və barəsində mərkəzə müraciət edilən cari ilin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı olub. Həmçinin, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı keçirilib. Gəncədə imtahan 9 binada reallaşıb və imtahanda 2171 abituriyent qeydiyyatdan keçib.
İmtahanlardan öncə yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici-deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntular protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.
- Baxış: 299