• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 02.04.2023 20:16

Zəfər tarixinin başlanğıcı - Aprel döyüşləri

KepezTV Player

Azərbaycan ordusunun şanlı və uğurlu Aprel döyüşlərindən 7 il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilən əks-əməliyyat zamanı qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib. Azərbaycan xalqının qəhrəmanlığının nümayişi olan və Ordumuzun qələbəsi ilə nəticələnən döyüşlər həm də Vətən müharibəsində tarixi Zəfərə aparan yol idi.

2016-cı ilin aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizləndi. "Lələ təpə" yüksəkliyi nəzarətimizə keçdi. 

Əks-hücum əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başladı. Vəziyyəti gərginləşdirmək məqsədilə artilleriya qurğularından həm döyüş mövqelərimiz, həm də təmas xəttinə yaxın yaşayış məntəqələrimiz atəşə tutuldu. 

Döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edildi, 500-dən çoxu yaralandı. Beləliklə, 7 il əvvəl düşmən üzərində qazanılan hərbi uğur xalqımızın  Böyük Qələbəyə inamını daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq oldu. “Məğlubedilməz erməni ordusu” mifi dağıldı, erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etmişdir. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki, onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir”.

Uğurlu Aprel döyüşlərinin məntiqi davamı olaraq, Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qaldı.

Azad Mustafayev