Ermənilərin ötən əsrin əvvəllərində həyata keçirdiyi soyqırımlar Azərbaycanın şimalı ilə yanaşı, cənubunu da əhatə edib. Onların Bakı, Quba, Şamaxı, Qarabağ və digər bölgələrimizlə yanaşı, Güney Azərbaycanda da insanlıq əleyhinə cinayətlər, ağlasığmaz qətliamlar, faciələr törətməsi, soydaşlarımızı kütləvi şəkildə öldürməsi azərbaycanlıları bir qrup kimi tamamilə məhv etmək niyyətini sübut edir.
Tarixən çirkin, məkrli xislətləri ilə azərbaycanlıları soyqırımlara məruz qoyan ermənilər 1-ci Dünya müharibəsinin meydana gətirdiyi şəraitdən istifadə edərək, Cənubi Azərbaycanda genişmiqyaslı qətliamlar törədiblər. Arazın cənubundakı soyqırımı şimalla müqayisədə daha tez - 1917-ci ilin dekabr ayında başlanıb. Əsasən Urmiya, Salmas, Maku və Xoy vilayətlərində törədilən faciələrdə ermənilərlə birlikdə aysorlar da iştirak ediblər. Bu qırğınların içərisində ən dəhşətlisi Urmiyada yaşanıb. Bu şəhərdə günahsız əhalini qəddarcasına qətlə yetirən erməni-aysor silahlı dəstələri bu azmış kimi 500 evə də od vuraraq yandırıblar.
Cənubi Azərbaycanda baş verən soyqırımlarda ən dəhşətli faktlardan biri isə Salmasda qeyd alınıb. Bu şəhərdəki olaylar zamanı qaçaraq məscidə sığınan insanlar erməni vandalları tərəfindən amansızca öldürülüblər. Azərbaycanlılara qarşı edilən vəhşilikləri eşidən Osmanlı ordusu qısa zamanda yardıma gəlib və nəticədə daha çox əhalinin tələf olmasının qarşısı alınıb.
Cənubi Azərbaycanda ermənilərin törədikləri soyqırımlar nəticəsində 300 min Azərbaycan türkü qətlə yetirilib. Bu faktların daha ətraflı şəkildə araşdırılmasına böyük ehtiyac var. Belə olan halda yeni dəlillər üzə çıxacaq və ölənlərin sayı böyük ehtimalla artacaq.
Orxan Cəfərzadə
- Baxış: 325