• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 878
— 27.03.2023 19:19

Uşaqların oruc tutması nə qədər düzgündür?

KepezTV Player

İslam dininin beş fərzindən biri olan oruc tutma böyüklər üçün riayət edilməsi gərəkən qayda olsa da, uşaqlar üçün fərqli şəkildə izah edilir. Uşaqların ailələrində və ətraflarında gördükləri bu dini ənənəyə maraq göstərib sahur və iftara hazırlıq vaxtı xoş təlaşa qapılaraq oruc tutmaq istəmələri təbiidir. Bəs görəsən, yaşı çatmadığı halda oruc tutmaq istəyən uşaqlara valideynləri necə reaksiya göstərməlidirlər? Həkimlərin bu mövzuda tövsiyyələri nədir?

Ramazan ayında oruc tutmaq həm bədənimiz, həm də ruhumuz üçün bir təmizlənmədir. Ancaq təbii ki, bu halda qidalanma rejiminə diqqət yetirmək çox önəmlidir. Xüsusən də, imsakda qidalanmağa.

Şəhla Verdiyeva- həkim: “Sahurda mütləq protein tərkibli qidalanıb, gün ərzində enerjimizi təmin eləmək üçün uzun və çətin həzm olunan karbohidratlardan maksimal dərəcədə istifadə etməli və günlük ehtiyacın ən azı 70 faizini qəbul edəcək qədər maye qəbul edilməlidir. Bu da təxminən 1.5 litrə yaxın maye deməkdir”.

Ramazan ayının yaz fəslinə təsadüf etməsi, orucun təxminən 14 saata yaxın olması isə aclıq və susuzluğu daha çox hiss etdirir. Ona görə də bəzi xəstəlikləri olanlara oruc tutmaq tövsiyə edilmir. Çünki, bu xəstəliklər zamanı ac və susuz qalmaq xəstələrin sağlamlığına mənfi təsir göstərə bilər.

Şəhla Verdiyeva- həkim: “İnsulindən istifadə edən tip 2, insulin asılı tip 1 diabet xəstələri insulin istifadə etdiklərinə görə mümkün qədər oruc tutmamalıdırlar. Əgər oruc tutmaq kimi bir iddaları varsa belə, həkim konsultasiyası vacibdir. Hipoqlisemi riski yüksək olduğu üçün həyati təhlükəli bir durumla qarşı-qarşıya gələ bilərik. Kardiovaskulyar xəstəlikləri olan kəskin dövr xəstələri də daha diqqətli olmalıdırlar. Həkim konsultasiyası olmadan, oruc tutmaq olmaz. Preparatların bir qismi yan təsir göstərə bildiyinə görə, bu dönəmdə bir qisminin dozası azaldılır və ya dayandırılır. Mədə-bağırsaq xəstəlikləri olub, xüsusilə mədə-bağırsağın bəd xassəli törəmələri olan, kimya terapiya alan xəstələr və ya başqa orqanlarda onkoloji xəstəliklərdən əziyyət çəkənlər də bu dönəmdə oruc tutmasalar daha yaxşı olar”.

Ramazan ayı sevincini böyüklərlə yanaşı, bəzən uşaqlar da yaşamaq istəyirlər. Onlar da valideynləri kimi, sahura qalmağa və iftar etməyə həvəslənirlər.

Elvira Qapaqova- pediatr: “Uşaq, böyüyən bir orqanizmdir. Bu orqanizmə xüsusi qida maddələri lazımdır və bu maddələri tənzimləmək üçün su-yağ maddəsini tənzimləmək üçün onların uzun müddət 10-16 saat ərzində ac qalmaqları düzgün deyil. Xüsusən nəzərə alsaq ki, bu yaz-yay aylarında suya olan təlabat çoxdur və bu uşaqlarda da susuzlaşma problemləri böyrək və digər orqanlarda hər hansı bir fəsadlar verə bilər”.

Həkimlər xüsusən 12 yaşa kimi olan uşaqlara oruc tutmağı məsləhət görmürlər. Çünki, bu dönəm maddələr mübadiləsinin xüsusilə sürətli getdiyi vaxt olduğundan azyaşlılarda yan təsirləri ola bilər.

Aişə Rzayeva