Fərrux yüksəkliklərində keçirilən antiterror əməliyyatından bir il ötür. Fərrux əməliyyatı XocalınIn Fərrux kəndi, Fərrux dağı, "Daş-başı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunmasında mühüm əhəmiyyətə malik olub. Sözügedən antiterror əməliyytalarını zəruri edən səbəblər var idi. Təbii ki, başlıca səbəb ərazilərimizin terrorçulardan təmizlənməsi idi. Ordumuzun apardığı əməliyyatların həm hərbi, həm də siyasi meydanda qazandırdığı üstünlüklərdən danışacayıq.
Azərbaycan Ordusunun Fərrux yüksəkliyində keçirdiyi antiterror əməliyyatından bir il ötür. Ötən ilin bu vaxtı Azərbaycan ordusunun bölmələri Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Fərrux yüksəkliyinə Azərbaycan bayrağını sancmaqla həm Erməni separatçılarına, həm də regionda maraqları olan digər qüvvələrə sübut etdi ki, ordumuz istənilən vaxt, istənilən təxribatın qarşısını almaq gücündədir. Regionda bunun qarşısını alacaq qüvvə isə yoxdur.
2022-ci ilin mart 24-dən, 28-dək davam edən 4 günlük əməliyyat nəticəsində Azərbaycan Ordusu ilk növbədə Xaçınçayın mənsəbini və ən böyük şirin su anbarını tam nəzarətə götürdü. Bununla da Ağdamın bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini suvarma suyu ilə təmin etməyə qadir Xaçınçay su anbarını mühafizə altına aldı. Bundan başqa Fərrux kəndi işğaldan azad edildi, Fərrux dağı ətrafındakı mühüm yüksəkliklər tutuldu, bununla Fərrux dağının ətəyindəki geniş vadini erməni terrorçularından azad edərək, Cinli, Çullu, Əlimədətli, Mollalar və Əliağalı kəndlərinin təhlükəsizliyini təmin edildi. Hərbi ekspert Ədalət Verdiyev onu da bildirir ki, Xankəndi-Ağdərə yolunun da Fərrux dağından müşahidə edilməsi, ordumuzun tərəfindən keçirilən Qırxqız, Sarıbaba, Buzluq əməliyyatları üçün də şərait yaratdı. Fərrux əməliyyatının qazandırdığı üstünlüklərin siyasi əhəmiyyəti də böyükdür.
Bir il əvvəl başlayan proses hazırda da davam edir. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn istənilən təxribatların cavabı layiqincə verilir. Martın 25-də Azərbaycan Ordusu Ermənistandan Qarabağa Xankəndi-Xəlfəli-Turşsu yolu vasitəsilə qanunsuz silah-sursat qaşımalarının qarşısını aldı və yola nəzarəti bərpa etdi. Ekspertlər 44 günlük vətən müharibəsindən sonra ilk antiterror əməliyyatı olan Fərrux nailiyyətini sonrakı mərhələlərdə Qarabağın separatçılardan tamamilə təmizlənməsində uğurlu başlanğıc sayırlar.
- Baxış: 209