• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 23.03.2023 20:01

Turan Bayramovdan növbəti uğur

KepezTV Player

23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında gəncəli güləşçi Turan Bayramov uğurlu çıxışla yadda qalıb. Gənc pəhləvan qazandığı nailiyyətlə həm güləşsevərlərə, həm də ailəsinə ikiqat bayram sevinci yaşadıb. Vətənə dönən güləşçi “Kəpəz” televiziyasına müsahibə verib.

Qitə yarışı Rumıniyanın paytaxtı Buxarestdə baş tutub. Çempionatda millimiz hər 3 növdə - sərbəst, yunan-Roma və qadın güləşində təmsil olunub. Yığmanın tərkibində sərbəst güləşçilər arasında Nizami yurdunun yetirməsi olan Turan Bayramov da yer alıb. 74 kq çəki dərəcəsində güləşən idmançı həlledici görüşədək Bolqarıstan, Fransa və Rumıniyadan olan rəqiblərinə 1 xal belə vermədən tam üstünlüklə qalib gəlib. Finalda isə moldovalı güləşçini məğlub edərək həmyaşıdları arasında Avropanın ən güclüsü adına yiyələnib.

Turan Bayramovun hədəfləri böyükdür. Sərbəst güləşçi Paris-2024 Olimpiya Oyunlarına vəsiqə qazanıb, ölkəmizi dördilliyin ən mötəbər yarışında layiqincə təmsil etmək istəyir. 23 yaşadək güləşçilərin Avropa çempionatında sərbəst güləş yığmamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq 140 xalla birinci yeri tutub. Eyni zamanda, Azərbaycan millisi ümumilikdə hər 3 növdə 6 qızıl, 3 gümüş və 3 bürünc medalla Avropada bütün rəqiblərini qabaqlayıb.

Orxan Cəfərzadə