• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 17.03.2023 19:54

Dadı ilə məşhur olan Gəncə paxlavası

KepezTV Player

Novruz bayramına sayılı günlər qala, bütün xanımların mətbəxdə təlaşı hiss olunur. Bu təlaş istər təamlar, istərsə də şiniyyatların hazırlanması ilə bağlıdır. Gəncədə yaşayanlar isə yaxşı bilirlər ki, süfrələrdə Gəncə paxlavası olmazsa olmazlardandır. Dadı, bişirilmə qaydası ilə bənzəri olmayan paxlavanın hazırlanması böyük məsrəflə yanaşı, həm də asan başa gəlmir. Bu gün əməkdaşlarımız Gəncə paxlavasının bişirilmə qaydasını izləyiblər.

Hər bir bölgənin öz adət-ənənəsi, özünəməxsus təamları var. Gəncəyə xas olan şirniyyat isə məhz paxlavadır. Gəncə paxlavası - Azərbaycanın qədim şirniyyat növüdür. Bu şirniyyat adətən müxtəlif tutumlu mis məcməyilərdə bişirilir.

Sevda Baxşıyeva- paxlava bişirən: “Məcməyilər 1 kiloqramdan başlayaraq, 4 kiloqrama kimi olur. Bizim hal-hazırda bişirdiyimiz məcməyi 2 kiloqramlıqdır. Buna 2 kq ləpə, 2 kq şəkər tozu, xəmirini hazırlamaq üçün yumurta, kərə yağı, un, xama və gülab əvalə olunubdur. Ümumilikdə 2 kq şəkər tozu gedir. Şəkər tozunun 1,5 kq-nı ləpəyə-içliyə qatırıq. Yarım kq-dan isə şərbət hazırlayırıq. Şərbətə 1 stəkan gülab və 1 stəkan su əlavə edib, zəfəran vururuq”.

Hər il Novruz bayramında qolunu paxlava bişirmək üçün çırmalayan Sevda Baxşıyeva deyir ki, Gəncə paxlavası 11 xəmir qatından ibarət olur. Hər qatın arası isə qoz, fındıq və şəkər qarışığı olan içliklə doldurulur. 

Sevda Baxşıyeva- paxlava bişirən: “Altdan 2 qatı yağlamırıq, ondan sonrakı qatları yağlayırıq, hamısının arasına ləpə səpirik. Axırıncı üst qatını da hazırlayandan sonra, onu kəsib zəfəran suyu ilə boyayırıq. Üzərinə badam və ya qoz ləpəsi qoyub, xaş-xaşla bəzəyirik. Tam hazır olduqdan sonra bunu ocaqda bişiririk. Gəncə paxlavasının fərqliliyi ondadır ki, bu paxlava közdə, ocaqda bişir”.

Sevda Baxşıyeva deyir ki, paxlavanı yeyərkən şəkər ağızda hiss olunmamalıdır. Şəkərin tam əriməsi üçün paxlava aşağı temperaturda diqqət yetirilməklə bişirilməlidir. 

Sevda Baxşıyeva- paxlava bişirən: “Paxlavanın alt hissəsi bişdikdən sonra, biz paxlavanın üst hissəsini bişiririk. Üzərinə dəmir qapaq qoyuruq və üstünə köz töküb, paxlavanın üzərini bişiririk. Paxlavanın üstü bərkiyəndən sonra biz ona şirə əlavə edib, hardasa 10 dəqiqə də bunun üstünü şirə ilə bişiririk. Gəncə paxlavasının əsas özəlliyi  közdə bişəndə bunun qatlarının heç birinin bilinməməsidir. Elə zəif odda bişir ki, arada xəmirlər bilinmir”.

Bununla da 1 saat yarımdan artıq davam edən bişirmə prosesi yekunlaşır və Gəncə paxlavası masaya təqdim olunmaq üçün məcməyədən səliqə ilə çıxarılır. 2 kq-lıq məcməyidən təxminən 35-40 ədəd paxlava alınır. Ağzınız şirin olsun! 

Aişə Rzayeva