• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2459
— 15.03.2023 19:57

AFFA-nın qərarı qərb kollektivlərini ümidləndirib

KepezTV Player

Bir müddət öncə AFFA-nın icraiyyə komitəsinin iclasında çempionatlarla bağlı vacib qərarlar qəbul edildi. Bunlar arasında ən diqqətçəkəni divizionla əvəzedicilərin yarışının ayrılması oldu. Aşağı liqada mübarizə gələn mövsüm 10 komandanın iştirakı ilə keçiriləcək. Divizionda komandaların sayının artırılması region liqasının təmsilçilərinin hesabına olacaq.

Odur ki, icraiyyə komitəsi tərəfindən region liqası komandalarının 1-ci divizionda çıxış etməsi üçün 3 illik fəaliyyət tələbi ləğv edilərək 1 ilə endirildi. Bu qərar turnirdə qərb bölgəsindən çıxış edən kollektivləri ümidləndirib. Hazırda region liqasında bu zonadan 5 komanda var. Onlardan 2-i - Qala-Şəmkir və Göygöl cari mövsümdən çempionatda çıxış edir. Adıçəkilən kollektivlər arasında isə region liqasında ən yaxşı göstərici Qala-Şəmkirdədir. Komanda qrup mərhələsini adlayaraq pley-offa vəsiqə əldə edib. Futbol ənənələrinə malik olan rayonda AFFA-nın verdiyi qərar sevinclə qarşılanıb. 1-ci divizionda iştirak etmək üçün həvəslənən komanda istəyi baş tutacağı halda yenidən böyük futbolu Şəmkirə qaytarmaq arzusundadır.

Qala kimi bu il təsis edilən Göygölün də 1-ci diviziona yüksəlmək imkanı yaranıb. Rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılan kollektiv region liqasında qrup mərhələsini 4-cü sırada tamamlasa da, yeni qərar onları ümidləndirib.

Qərb regionunu təmsil edən və 2 ildir fəaliyyət göstərən Ağstafa, eləcə də 2017-ci ildə region liqası yaranandan yarışda çıxış edən Gəncə və Qazağın Göyəzən komandalarının da 1-ci diviziona yüksəlmək şansları var. Sözügedən kollektivlər də mübarizə apardıqları zonaları peşəkar futbol klubu səviyyəsində təmsil etmək istəyindədirlər.

Orxan Cəfərzadə