• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 13.03.2023 20:10

Bayramqabağı bazarlarda qiymətlər

KepezTV Player

Bayrama artıq sayılı günlər qalıb. Hamı bayramı evində, ailəsi ilə birgə, zəngin süfrə ətrafında qeyd etmək istəyir. Bunun üçün isə ilk növbədə bazara gedib əməlli-başlı bazarlıq etmək lazımdır. Bəs bazardakı qiymətlər hər kəsin cibinə uyğundurmu?

Artıq Novruz bayramına sayılı günlər qalıb. Bu ərəfələrdə də hər kəsi ərzaq məhsullarının qiyməti maraqlandırır. Biz də bunu öyrənmək üçün üz tutduq Gəncənin bazarlarına. Qiymətlər necədir, indi biləcəyik.

Namiq Şükürov- satıcı: “Almalar 2, 2.50 qəpik, armud 3, 3.50 qəpik. Ən yaxşısı 4 manatdır. Naringi 2 manat, üzümlər 2-3 manat. Elə bir bahalıq yoxdur. Xiyar 1.50, badımcan, bibər kilosu 1.50- 2 manatdır. Ananas 5 manat, banan 2.80-3 manatdır”.

Şəfiqə Həsənova- satıcı: “Qırmızı alma 2-2.50, ağ alma 2.50, 2 manata var, 1.50-yə var. Yaşıl alma onun kimi. Yəni almaların qiyməti yaxşıdır. Amma Türkiyədən gələnlər bahadır”.

Namiq Sadıxov- satıcı: “Kartofun qiyməti normaldır. 1.20-1.30, 1 manat belədir. Soğan bir az bahadır - 1.50 qəpik”.

Bayramda süfrələrimizin ilk bəzəyi, yazın gəlişini simvolizə edən səməniyə tələbat olduqca böyükdür.

Habil Hüseynquliyev- satıcı: “Səmənilər 60 qəpikdən başlayır, 30 manata kimi var. Bir də sifarişlə səmənilər olur, onlar bir az bahalıdır - 80-100 manata, baxır səməniyə. Ən çox satılanlar 3-5 manata olanlardır”.

Bayram günlərində alıcıların Gəncə səbətinə də marağı böyükdür. Qonaq gedərkən aparılan bu səbətlərin içinin doldurulması müxtəlif qiymətlərə başa gəlir. 

Xəyyam Zakiroğlu- satıcı: “Bayram günü yaxınlaşdıqca səbətlərə tələbat artır. Səbəti qonaq gedən zaman və ya nişanlı qızlara aparırlar. Qiyməti 100 manatdan başlayır 600-700 manata kimi olur”.

Göyərtilərin qiyməti isə keçən illə müqayisədə bu il daha münasibdir.

Qida rasionumuzun əsas hissəsini təşkil edən ətin qiyməti haqqında isə eyni fikri söyləmək mümkün olmayacaq. Hətta irəliləyən günlərdə qiymətin daha da artacağı istisna edilmir.

Günay Bayramova- satıcı: “Tərxun 1 manat, reyhan 1 manat, kəvər 30-40 qəpik, nanə 30-40 qəpik, ispanağın 4-5-i 1 manat, keşniş, şüyüd və soğanın 3 dəstəsi 1 manat, tərə 30 qəpik, turp 50 qəpik. İndi hal-hazırda normal, stabil qiymətdir. 2-3 günə arta da bilər, artmaya da bilər”.

Faxrəddin Məmmədov- satıcı: “Quzu əti 15 manata alınır, 16 manata satılır. Dana ətinin də qiyməti 12.50 qəpikdən alınır, 13.50 qəpikdən satışıdır. Bir azca bahalaşma var. Bayrama görə də bir az qalxacaq. Ola bilsin ondan sonra artım dayansın, ama hələ ki, artıma meyllilik var”.

Ağartı məhsullarının qiymətində də bayramla əlaqədar artım var.

Havayət Qurbanova- satıcı: “Qoyun pendiri 9 manatadır, mal pendiri 5-7 manat arası. Qatıq 1.30 qəpikdir. Əvvəl qatığı 1 manata satırdıq, indi 1.30-a satırıq”.

Bayramda ən çox satılan çərəzlərdir. Hansı ki, həm şirniyyatların hazırlanmasında əsas məhsul hesab edilir, həm də xonçaların bəzəyidir. Bəhruz Ələkbərov- satıcı: “Aş üçün xırda kişmiş alırlar. Təmizlənmiş ləpələrimiz var – qiyməti 16 manatdan başlayır 18-19 manata kimi. Paxlava üçün təmizlənmiş fındıqlar 13 manatdır. Ərik qurusu 12 manat, albuxara 7 manat, alça 6 manatdır. Ləpələrimiz, kişmişlərimiz 11-12 manat, masa üçün olan fındıq 10-12 manat arasıdır. Qoz ləpəsi masa üçün 13-15 manatdır”.

Bayramqabağı qiymət artımları artıq alıcıların adət etdiyi haldır, demək olar ənənədir.

Alıcı: “Meyvə aldıq – alma, armud. Qiymətlər 3-5 manatdır. Yeni ildə bundan ucuzluq idi”.

Alıcı: “Ləpələr aldım. Sonra xiyar, smetan, yuxa, kişmiş belə şeylər. Amma qiymətlər məni qane eləmir. Çox bahalıqdır, çox”.

Alıcı: “Bayrama lazım olanları almağa gəlmişik. Kişmiş, qoz, fındıq. Qiymət münasibdir. Yaxşıdır. Bahalığa görə yaxşıdır”.

Alıcı: “Qiymətlər çox yüksəkdir, bahalıqdır. Hərə öz cibinə uyğun olaraq bazarlıq edir. Keçən illə müqayisədə deyərdim ki, bu il çox bahalıqdır. Tək bazarda deyil, həm də mağazalarda, marketlərdə də belədir”.

Novruz – yəni Yeni Gün bayramında hər birinizə bol ruzi, bərəkətli süfrələr arzu edirik.

Ayşə Rzayeva