• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 09.03.2023 20:18

“Kəpəz”ə dəstək üçün tədbir keçirilib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Futbolun İnkişaf Fondunun dəstəyi ilə “Kəpəz” futbol klubuna dəstək adlı tədbir keçirilib. Görüş, komandanın gələcək inkişafı naminə həm maarifləndirmə aparmaq, həm də sponsorları cəlb etmək üçün təşkil edilib.

Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, Kəpəz Futbol Klubunun idarə heyəti, şəhər ictimaiyyəti, eyni zamanda sahibkarlar iştirak ediblər. Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev “Kəpəz”lə bağlı ianələr və “KƏPƏZ 100k” layihəsi barədə ətraflı məlumat verib, komandanın gələcək strategiyasının qurulmasında sponsorluq amilinin önəmli rol oynadığını bildirib.

Tədbirdə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri və “Kəpəz”in idarə heyətinin sədri komandanın tarixi, hazırda görülən işlər haqqında danışıblar. Azərbaycan futbolunda bir çox uğurlara imza atan sarı-göylərə hər kəsin dəstək olmasının vacibliyi qeyd edilib. Sahibkarlara komandaya dəstək olmaları üçün çağırış edilib. Bu çağırışın “Kəpəz”ə müsbət mənada köməyi dəyəcəyinə inam ifadə edilib. Sevindirici məqam o olub ki, elə tədbir zamanı sahibkarlar tərəfindən komandaya müəyyən məbləğdə ianə edilib.

Hazırda “Kəpəz”ə dəstək olmaq məqsədilə bir sıra ianə kampaniyaları həyata keçirilir. Bunlar arasında “100 k” layihəsi var ki, bu kampaniya çərçivəsində toplanacaq ianələrlə komandaya avtobus alınacaq.

Orxan Cəfərzadə