Gəncədə daim təntənə ilə qeyd olunan Novruz bayramı bu il də tamaşasız ola bilməzdi. Gəncə dövlət kukla teatrı bayram günlərində balaca izləyiciləri üçün yeni səhnə əsərləri ərsəyə gətirib.
Gəncə Dövlət Kukla Teatrının kollektivi Novruz bayramında balaca fidanlara göstərmək üçün yeni tamaşaya hazırlaşırlar. Martın 15-dən 27-dək nümayiş etdiriləcək tamaşa “A kosa hara yaxşıdır” adlanır. Səhnə əsərində əsasən Novruz adət-ənənələrindən bəhs olunur. Hazırda artistlər müxtəlif rollar üzərində məşqləri davam etdirirlər.
Elmar Vəliyev aktyor: Məşqlərdən də göründüyü kimi tamaşa çox baxımlıdır, maraqlıdır. Mən bu obrazda kosa obrazını canlandırıram. Bu tamaşa bizim milli adət ənənələrimizin üslubunda qurulub. Və mən balaca tamaşaçılarımızı teatrımıza dəvət edirəm.
Yeganə Məmmədova aktrisa: Mən burda Güllü nənə obrazındayam. Bizim əsərin baş qəhrəmanı Novruzun nənəsi rolunda. Güllü nənə Novruzun tənbəl olmasından şikayətlənir. Əlində bütün günü telefonla məşğul olur, nənəsinə kömək eləmir. Ona görə də nənəsi şikayətlənir. Yəqinki bizim tamaşanın sonunda Novruz bu tənbəlliyini kənara qoyacaq, nənəsinin sözünə baxacaq. Və mən elə başa düşürəm ki, bizim uşaqlar bu noruz tamaşasından çox məmnun qalacaqlar.
13 gün, gündə 5 seansla nümayiş olunacaq tamaşa 45 dəqiqəlik nəzərdə tutulub. Həmçinin teatr mövsüm sonuna kimi yeni kukla tamaşaları ilə balaca izləyicilərinin görüşünə gələcək.
Şamil Məmmədli teatrın baş rejissoru: Ümumiyyətlə hər zaman olduğu kimi Gəncə Dövlət Kukla teatrı bu il də tamaşaçılarını təəccübləndirmək üçün çox maraqlı yeniliklərlə dolu bir tamaşa nümayiş etdirəcək. Handı ki bu tamaşada biz novruz adət ənənələrimizi qorumaqla bərabər müasir, yeni dövrün uşaqlar üçün problem yaradan müəyyən sosial, qlobal problemləri də səhnəyə gətiririk. Və səhnə vasitəsilə uşaqlarımızı tərbiyələndirməyə, daha çox maarifləndirməyə çalışacağıq. Balaca tamaşaçılarımızı tamaşamıza dəvət edirik. Bəyənəcklərinə indidən əminik.
Novruzla bağlı tamaşanın quruluşcu rejissoru Şamil Məmmədli, senari müəllifi isə Zülfiyyə Əliyevadır.
- Baxış: 257