• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 21.02.2023 12:19

İlk çərşənbə- Su çərşənbəsi

KepezTV Player

Təbiətin oyandığı, canlandığı zamanın yaxınlaşmasına  sayılı günlər qalıb. Bu ərəfədə insanların üzündə təbəssüm yaranır. Novruzdan əvvəlki son 4 çərşənbəyə ölkəmizdə xüsusi əhəmiyyət verilir.

Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə" və "Sular Novruzu" da deyilir. Su çərşənbəsi suya inam ilə bağlıdır. İnanca görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, bu çərşənbə günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, əzəli çərşənbə günü bulaqların şəfası da artar.

Təmizliyin, yeniliyin rəmzi, Novruzun gəlişinin xəbərçisi olan ilk çərşənbədə evlərdə təmizlik işləri aparılır, süfrələr  milli yeməklər və şirniyyatlar ilə  bəzədilir. Şirniyyatlar arasında ən məşhuru isə paxlavadır. Gəlin Gəncə paxlavasının hazırlanmasına baxaq.

Çərşənbələr, həmçinin, dostuq, qayğıkeşlik, mehribanlıq hisslərini də aşılayır. Belə ki, yaşlı insanları, qohumları ziyarət etmək adətdir. Qədim ənənəyə görə, azərbaycanlılar qonağı su ilə qarşılayıb, su ilə yola salarlar. İnanca görə, su aydınlıqdır, paklıqdır, insanları xətadan-bəladan qoruyar, qonağın gəldiyi-getdiyi yollara səpilər ki, o, bir də gəlsin.  

İnanca görə, bayramı hansı əhval-ruhiyyə ilə qarşılasan, növbəti bayrama kimi günlərin əksəriyyəti həmin əhval-ruhiyyə ilə də davam edəcək. Dörd çərşənbənin əzəli olan Su çərşənbəniz mübarək olsun!