• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1009
— 20.02.2023 20:33

2023-cü ildə ölkə idmanını nələr gözləyir?

KepezTV Player

2023-cü il Azərbaycan idmanı üçün vacib əhəmiyyət daşıyır. Çünki, cari il həm azad olunmuş ərazilərimizdə idman infrastrukturunun qurulması, həm olimpiadaya lisenziyaların əldə olunması, həm də bölgələrdə yeni qurğuların inşası baxımından çox önəmlidir. Bütün bu sadaladıqlarımıza Milli Məclisin deputatı Müşfiq Cəfərov münasibət bildirib. Parlamentin üzvü 2023-cü ildə idman sahəsində görüləcək işlərlə bağlı suallarımızı da cavablandırıb.

Deputat dövlət tərəfindən hər zaman idmanın inkişafına diqqət və qayğı göstərildiyini, Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Qarabağda bir sıra yerli və beynəlxalq əhəmiyyətli yarışların keçirildiyini söyləyib. Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü olan Müşfiq Cəfərov Suqovuşanda beynəlxalq əhəmiyyətli avarçəkmə yarışının, eləcə də Şuşada velosiped və şahmat turnirlərinin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib. Bununla yanaşı ölkə başçısı tərəfindən azad olunan ərazilərdə idman qurğularının inşasına da xüsusi diqqət yetirildiyini deyib.

Müşfiq Cəfərov- millət vəkili: “İmarət stadionu ilə bağlı tapşırıq verilib. Bilirsiniz ki, bu, birbaşa cənab prezidentin diqqətindədir ki, o stadion yenidən qurulsun və məhz onun sahibi olan "Qarabağ" komandasına verilsin. İdman qurğularına da ehtiyac var. Xüsusilə, olimpiya komplekslərinə, üzgüçülük hovuzlarına, qaçış zolaqlarına. Bununla bərabər keçmişdə sovetlər dönəminə uyğun infrastruktur olub, bu gün daha müasir olmalıdır. İnanıram ki, bu cür layihələr də nəzərdə tutulubdur”. 

Müşfiq Cəfərov Tokio 2020 Olimpiadasında pandemiya və digər səbəblərdən idmançılarımızın uğursuz çıxış etdiyini, ancaq Paris Olimpiadasında bunun əksinə yaxşı nəticələr əldə olunacağına inandığını deyib. Həmçinin bu ilin olimpiadaya lisenziya qazanmaq baxımından vacib il olduğunu söyləyib.

Müşfiq Cəfərov- millət vəkili: “İnanıram ki növbəti olimpiya oyunlarında bu ənənə davam etməyəcək. Artıq biz köhnə ənənələrimizə qayıdacağıq. Ən azından bir neçə qızıl medal əldə etmiş olacağıq. Bunun üçün federasiya ilə nazirlik sıx iş aparırlar. Lisenziya ili əhəmiyyətli bir ildir. Bu il gözləntimiz də çoxdur. Çünki, bu il nə qədər idmançımız olimpiadaya lisenziya qazansa, bir o qədər nəticə əldə etmək imkanımız olar. Bu baxımdan düşünürəm ki, bu imkandan maksimum istifadə etmək lazımdır”.

Bölgələr də idmanın inkişafına diqqətdən kənarda deyil. Nizami yurdunda bu istiqamətdə böyük işlər görülür, beynəlxalq əhəmiyyətli turnirlər, eləcə də idmançıların yarışlara daha yaxşı şəkildə hazırlaşmaları üçün qurğular inşa edilir. 

Müşfiq Cəfərov- millət vəkili: “Dövlət başçımızın idmana olan qayğısı birmənalıdır. Bunu Gəncədə hər zaman idmançılar vurğulayırlar. Bu gün gedən işlər, aparılan siyasət onun göstərir. Çünki bu gün Qafqazın ən böyük idman qurğusu olan İdman Sarayı Gəncədə inşa edilir, bundan başqa, regionun ən böyük idman qurğusu olan Təhsil İdman Mərkəzi hansı ki, orada idmançılar hazırlanır. Elə Toğrul Əsgərov, Ramil Qasımov kimi idmançılar yetirən bir məktəbdir. Həmin məktəbin yenidən qurulması inanıram ki, Gəncə idmanına çox böyük töhfələr verəcək”.

Müşfiq Cəfərov Gəncə futbolu haqda da danışıb. O, Cavadxan yurdunda bu idman növünü inkişaf etdirmək üçün Futbol Akademiyasının tikildiyi, təbii və süni örtüklü meydançaların salındığını deyib. Bununla belə, şəhərin böyük futbol arenasına ehtiyacı olduğunu söyləyən deputat, bu məsələnin yaxın gələcəkdə həllini tapacağına ümid etdiyini qeyd edib.

Müşfiq Cəfərov- millət vəkili: “Bir tək orada qalan arenadır. Hansı ki, azarkeşlər gəlib orada komandaya dəstək olurlar. İnanıram ki, yaxın vaxtlarda nazirlik, aidiyyatı qurumlar və şəhər icra hakimiyyəti ilə birliklə bu işləri həyata keçirərlər. Ancaq yenə də düşünürəm ki, yeni böyük bir stadiona ehtiyac var. Mən özüm də təklif etmişdim ki, idman sarayının arxasında böyük bir ərazi var, hətta zamanında layihəyə də salınmışdı. Orada yeni bir stadion tikilərsə, hesab edirəm ki, şəhərin futbolu üçün çox yaxşı olar”.

Gəncəli deputatın sözlərinə görə yaradılan idman infrastrukturu sayəsində paytaxtla birlikdə bölgələrdə də nüfuzlu yarışların keçirilməsinə şərait yaranacaq, eyni zamanda görüləcək işlər Azərbaycana daha çox turist axınına imkan verəcək.

Orxan Cəfərzadə