Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 39 672 nəfərə çatıb, yaralı sayı 105 505 nəfər təşkil edir. 12 mindən çox yaralının müalicəsi xəstəxanalarda davam etdirilir. Ümumilikdə zəlzələdən 82 min bina zərər çəkib. Zəlzələ bölgəsində 61722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək. 13 917 bina orta dərəcədə zədələnib. Tikililərlə bağlı aparılan araşdırmalar çərçivəsində indiyədək ümumilikdə 67 nəfər saxlanılıb. Onlardan 15-i “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib.*** Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri də qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir. FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataydadır.
- Baxış: 296