• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 14.02.2023 13:10

Prezident İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib

KepezTV Player

"Azərbaycan və San-Marino arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb". Bu barədə Prezident İlham Əliyev San-Marinonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın etimadnaməsini qəbul edərkən bildirib. Dövlət başçısı səfirlə söhbət əsnasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlığını ifadə edib. Azərbaycan ilə San-Marinonun işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması, San-Marinonun turizm imkanlarının ölkəmizdə təqdim olunması, habelə təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin həm İtaliya, həm də Vatikan ilə çox yaxşı münasibətlərindən danışıb, İtaliya-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Qananın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini də qəbul edib. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstəyin və göstərdiyi etimadın ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Prezident Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini bildirib. Azərbaycan Prezidenti ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrə ayırdığı təhsil qrantı çərçivəsində Qanadan olan 10-a yaxın tələbənin ölkəmizin müxtəlif təhsil müəssisələrində ali təhsil aldığını deyib.
Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Energetika sahəsini xüsusi qeyd edən Prezident İlham Əliyev Anqolanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsinin qəbulu mərasimində ölkələrimizin bu sahədə də əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb. Görüşdə, həmçinin elm, təhsil, kənd təsərrüfatı, mədən sənayesi, energetika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.