• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 13.02.2023 19:50

Özünə baxım sağlamlığa xələl gətirməməlidir

KepezTV Player

Bu gün qadın, kişi fərq etmədən hər kəs öz şəxsi baxımına xüsusi diqqət yetirir. Xarici görünüş üçün atılan addım bəzən daxili sağlamlıq üçün problemlər yaradır. Söhbət, üz tutduğumuz məkanlarda göstərilən xidmətin, daha doğrusu, istifadə edilən alətlərin steril-təmizliyindən gedir. Hansı ki, bu baş verməyəndə, infeksion xəstəliklərlə mübarizə aparmaq riski yaranır. Bəs əhali bu kimi hallara az rast gəlmək üçün, təmizliyə riayət olunmasını tələb edirmi?

Şəhər sakini: “Bərbərxanaya gedirəm, cihazların təmizliyinə diqqət edirəm”.

Şəhər sakini: “Bəli, tələb edirəm. Çünki, sağlamlığımız hər birimiz üçün önəmlidir, buna görə də hər birimiz sağlamlığımıza diqqət etməliyik, gedərkən hər bir şeyə diqqətli olmaq lazımdır”.

Şəhər sakini: “Mən bərbərxanalara gedirəm, orada tələb edirəm ki, alətlər təmiz olsun”. Şəhər sakini: “Salona gedərkən diqqət edirəm ki, işlətdiyi cihazlar daha təmiz olsun, gigiyenik olsun. Çünki, bunu yalnız bir insan istifadə eləmir, nə qədər insanlar istifadə elədikləri üçün, təmiz olmasına diqqət yetirmək lazımdır”.

Günümüzdə gözəllik salonlarına, bərbərxanalara üz tutanların sayı kifayət qədərdir. Bəs bütün bu məkanlarda gigiyenik qaydalara əməl olunurmu?

Təranə Zeynalova- vizajist: “Elə müştərilər var tələb edir, elə müştərilər var heç soruşmur belə. Biz hər gün işlətdiyimiz makiyaj ləvazimətlarını, fırçaları hər bir müştəridən sonra mütləq yuyuruq. Spirtdən çox istifadə edirik. Steril aparatlarımız var, hər bir aparatımız, qayçılarımız, pinsetlərimiz mütləq sterilləşir. Çox vaxt maskalardan istifadə edirik, özümüz də taxırıq”.

Təbii ki, xanımlartək kişilərin üz tutduğu bərbərxanalarda da, istifadə olunan alətlərin təmiz və gigiyenik olması vacibdir. Güclü cinsin nümayəndələri bəzən buna diqqət etməsələr belə, salon sahibləri bu halları nəzərdənkənar buraxmamalıdır.

Emil Həsən- bərbər: “Dövr dəyişibdir, artıq sterilizə aparatları mövcuddur. Yəni qayçılar, daraqlar bunlar mütəmadi olaraq sterilizə olunur. Hər müştəridən sonra təmizlik işi olur, sössüz”.

Həkimlər isə bu tip xidmət göstərən məkanlarda yoxlamaların aparılmasını vacib sayır. Heç olmasa rübdə bir dəfə belə yoxlamanın aparılması vacibdir. Həmçinin işçilər də yoluxucu xəstəliklərə qarşı müayinədən keçməlidirlər.

Afət Talıbova- həkim: “Əlaqə ilə yayılma infeksiyaları ən çox, tutaq ki, salonlara gedirik, hansısa alətlərdən istifadə olunur, bu, əlaqə ilə yayılmadır. Hər bir insanın özünün şəxsi alətləri olmalıdır, çünki hansısa bir insandan yoluxma daha tez ola bilər. Kosmetik vasitələri istifadə edərkən salonlarda, diqqətli olmalıdırlar. Çünki, hansısa bir dəridə göbələk xəstəliyi varsa, o müştəridən, digər sağlam insana yayıla bilər. İstifadə olunan fırça ilə və ya hansısa kosmetik vasitə ilə yayıla bilər”.

Oturduğun yerdə xəstəlik tapmayasan deyə, müştərinin tələbkar olması və xidmət göstərən tərəfin məsuliyyətli davranışı mütləqdir. Müştərilər salonu, bərbəri seçərkən əl işinə güvənməklə yanaşı, gigiyenik qaydalara əməl edilib-edilmədiyini də bilməlidirlər.

Alimə Hüseynova