• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 11.02.2023 12:04

Humanitar yardımlar göndərilir

KepezTV Player

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Təbii fəlakət nəticəsində 80 088 nəfər yaralanıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub. 
Dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın da sağ-salamat oradan çıxarılıb. 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, ötən gecə Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir. 
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı da bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb və artıq Adana hava limanına enib. 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib. 
Nazirliyin sayca üçüncü humanitar yardım karvanı da qardaş ölkəyə yola salınır. Yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir. Humanitar yardım yük avtomobilləri və onları müşahidə edən nəqliyyat vasitələri ilə yola salınır. 
Yola salınan daha bir Humanitar yardıma mobil səhra hospitalı və 18 nəfərdən ibarət tibb personalı daxildir. 
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zəzərçəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir. Digər bölgələr kimi Tovuz, Gədəbəy və Qazax rayonları da bu yardım aksiyasına qoşulub. Humanitar yardımlar ilk olaraq Qazax rayonunda cəmlənib, könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.