• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 10.02.2023 20:14

Malıbəyli və Quşçularda erməni qətliamı

KepezTV Player

Düz 31 il bundan əvvəl ermənilər Şuşanın Malıbəyli və  Quşçular kəndlərində olmazın müsibətlərini törətdilər. Təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirildi. Məhz bu faciədən sonra yüzlərlə günahsız azərbaycanlının öldürüldüyü və ötən əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verdi.

Varaşil Həşimov- Şuşa sakini: “Şuşa yüksəklikdə idi. Baxanda, elə bilirdin göyün üzünü alov bürüyürdü. Caza verirdilər Malıbəyliyə, Quşçulara, Kərkicihana, hamısını gözümlə görmüşəm. Qayalarda qısılıb, durub baxmışam. Hamısını gözümlə görmüşəm. Meşəyə qaçan qaçıb, qaça bilmiyəni orada öldürdülər”.

Şuşa şəhər sakini 86 yaşlı Varaşil dayı ermənilərin Malıbəyli və Quşçular kəndlərində törətdikləri o müsibətdən danışanda gözləri dolur. Deyir öldürülənlərin ah-naləsi hələ də qulağımda, əli yalın qarda, boranda qaçmaları gözümün önündədir. Ermənilər Malıbəyli və Quşçularda insanlığa yaraşmayan, böyük bir qətliam törətdi”. 

Dilrubə Həşimova- Şuşa sakini: “Həmin onların o gecəki faciəsi, əli yalın, başı açıq hamısı meşəyə qaçırdı. Qaça bilmiyəni güllə ilə öldürürdülər. Onların başına nə müsibətlər gəldi!”

Həmin faciədən bir neçə gün sonra ötən əsrin böyük bir qətliamı törədildi. O qətliam ki, indinin özündə belə adı çəkiləndə insanın ruhu bədəndən oynayır, qəlb sızlayır. Bu, 26 fevral Xocalı soyqırımıdır. 

Qalib Quliyev- Xocalının Kosalar kənd sakini: “Öz doğma yurdumdan didərgin düşmüşəm. Raket, mərmi səsləri mənim qulağımdadır. Biz Kosalar kəndində mərdliklə döyüşdük. Buna baxmayaraq, ermənilər öz havadarlarının köməkliyi ilə kəndimizi, Qarabağımızı işğal elədilər”.

Hazırda onların tək təsəllisi işğalda olan torpaqların azad edilməsidir. İndi onların qəlblərində kədər sevinclə əvəz olunur.  O sevinc ki, neçə illərin gözləntisi idi.

Varaşil Həşimov- Şuşa sakini: “Allah da əhdimi eşitdi, torpağımız alındı. Oranın bu boyda daşı mənim üçün bəzi yerlərin gülündən-çiçəyindən yaxşıdır, Vətən! Oranın hər cığırını tanıyıram. Deyirəm, gedim daşın üstündə ölüm, ancaq orada ölüm”.

Dilrubə Həşimova- Şuşa sakini: “Amma, bugünkü günə şükür, bu gün torpağımız alınıbdır. Arzum odur ki, Şuşaya qayıdam. Qəbri ziyarət edəm, qəbri görəm”.

Qalib Quliyev- Xocalının Kosalar kənd sakini: “Xocalının kəndləri işğaldan azad edildikcə hər birimiz sevinc, qürur hissinə büründük. Xocalının da qisas hissi səngimiz oldu. Çünki Xocalı cəlladları da vətən müharibəsində məhv edildi. İstərdim ki, doğulduğum kəndə gedəm, Xocalı sahib olduğu insanlara qayıtsın. Xocalını yenidən abadlaşdıraq, cənnət çevirək”.

Bu gün Qarabağda geniş quruculuq işləri aparılır. Artıq bu cənnətməkanın sahibləri ora qayıdır və qayıdış davam edir.  

Elnur Vahidoğlu