• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 08.02.2023 20:16

Avtobusların müasir vəziyyəti, kimdir müqəssir?

KepezTV Player

Gəncədə ictimai nəqliyyatdakı problemlərdən danışmaqla qurtarmaz. Dəfələrlə bununla bağlı edilən şikayətlər, hazırlanan süjetlər, verilən vədlər reallıqda özünü biruzə verməyib. Heç belə görünür ki, avtobuslarda gediş haqqının artırılması da xidmət səviyyəsinin yüksəlməsinə gətirib çıxarmayacaq. Belə olan halda isə sərnişinlər günün tələblərinə cavab verməyən nəqliyyat vasitələri ilə hələ uzun müddət yol gedəsi olacaqlar.
Gəncədə 2-si iri olmaqla 8 daşıyıcı şirkət 32 marşrut xətti üzrə sərnişindaşıma həyata keçirir. Ümumilikdə gündəlik olaraq 300-ə yaxın avtobus xəttə buraxılır. Amma ki, nə fayda?! Bu nəqliyyat vasitələrinin hamısı orta və kiçik tutumludur, salonları ya çirkli olur, ya da oyuracaqlar və tutacaqlar istifadə üçün yararsız, əksəriyyəti də istismar müddətini başa vurub. Belə avtobuslarla kim yol getmək istəyər ki?

Şəhər sakini: “Avtobusların əl tutulan yerləri, oturacaqları hamısı çirkli olur, pis vəziyyətdədir. Yaxşı avtobuslarla dəyişdirilsə yaxşı olar. Xidmət yaxşılaşdırılsa, camaat üçün yaxşı olar”.

Şəhər sakini: “Yeni avtobuslar buraxılsa yaxşı olar. Sıxlıq olur”.

Dünya təcrübəsində ictimai nəqliyyatda avtobuslar hər 4 ildən bir dəyişdirilməlidir. Tariflər elə müəyyən edilməlidir ki, avtobuslar istismarın 1-ci ili ona qoyulan sərmayənin 50 faizini geri qaytara bilsin. İkinci il 25 faizi, üçüncü və 4-cü illəri isə uyğun olaraq 12.5 faizi geri qaytarılmalıdır. 5-ci il isə avtobus parkı yenilənməlidir. Çünki, təmirə xərclənən vəsaitlər həmin avtobusun işlədilməsini rentabelsiz edir. Bu, beynəlxalq praktikadır. Bizdə isə, bunun tam əksidir. Tariflərin müasir dövrə uyğunlaşdırılması da göstərilən xidmətin adekvat olmasına gətirib çıxarmır.

Şəhər sakini: “Böyük avtobuslar olsa lap yaxşı olar. Bunların hamısı köhnədir. Dəyişdirilsin. Qiymət də artdı. Təzə avtobuslar verilsin şəhərə. Azərbaycanın ikinci böyük şəhəridir Gəncə, sıxlıq olur”.

Şəhər sakini: “Əgər bu qiymət artıbsa, bir az avtobusa da baxmaq lazımdır. Bəzi avtobuslar olur ki, tozdan-torpaqdan içinə heç minməyə dəymir. Bu vəziyyətdə gedib-gəlmək olmur. Yaşlılar minir, qocalar minir. Bəziləri xəstədir, bronxitdir. Baxmalısız bu vəziyyətə. Narazılıqdır”.

Sakinlər belə avtobuslarda gedib gələrkən sözün əsl mənasında əziyyət çəkir. Avtobuslar köhnədir, içərisi, oturacaqları yararsız və çirklidir. Səbəbi isə sürücülər sərnişinlərdə, sərnişinlər isə xidmətin aşağı səviyyəsində görür. 

Lətif Qafarov- sürücü: “Sərnişinlər maşının içində tum çırtlayırlar, çörək, şirniyyat yeyirlər, sonra da yerə atırlar. Onu camaat edir, biz neyləyək onlara?! Arxa cərgədə otururlar, oturacaqları cırırlar. İstəyərik ki, təzə avtobuslar olsun”.

Sürücü: “Yerə zibil tullamasınlar, batırmasınlar. Mən gəlib, onların əlindən alıb, yerə tullamıram ki? Təmiz saxlasınlar, təmiz olsun".

Arzu Hacıyev- sürücü: “Oturacağa üzlük çəkəsi deyilik ki, hər gün! Yayda çəkmişəm, 6-7 aydır. Tələbələr minirlər, cırırlar. O, mənlə əlaqəli deyil. Biz də istəyərik təzə maşın sürək, dəyişsə pis olmaz. Bizim üçün də, minən sərnişin üçün də yaxşı, rahat olar”.

Sürücülərin sözündə də həqiqətin olduğunu danmaq olmaz. Əgər, gündəlik gedib-gəldiyimiz avtobusdan normal şəkildə istifadə edə bilmiriksə, günahı da başqasında axtarmağa dəyməz. Təbii ki, sürücünün sükan arxasında siqaret çəkməsi, telefonla danışması, digərləri ilə yarışa çıxması halları da N qədərdir. Yolların normal vəziyyətdə olmaması da, nəqliyyat vasitələrinin tez bir zamanda aşınmasına səbəb olur. Lakin, bu sadalananlar heyifi avtobusun salonundan çıxarmaq üçün bəzi sərnişinlərə əsas vermir. O ki, qaldı şəhərə yeni avtobusların gətirilməsinə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsindən aldığımız məlumat ümidvericidir.
Muzadil Həsənov- AYNA-nın Gəncə Regional İdarəsinin müdiri: “Təbii ki, bunların durumu arzuolunan vəziyyətdə deyil və bununla bağlı müəyyən danışıqlar aparılır. AYNA tərəfindən daşıyıcılarla görüşülübdür və avtobusların mərhələli şəkildə dəyişdirilməsi gündəmdədir. Təbii ki, qiymətlərin də artırılması daşıyıcıların da üzərinə əlavə məsuliyyət qoyur ki, bunlar da həm xidmətin səviyyəsini artırsınlar, həm də mərhələli şəkildə cari təmirlərini həyata keçirsinlər. Və növbəti mərhələlərdə də avtobusların yenilənməsini həyata keçirsinlər ki, sakinlərimizin, sərnişinlərimizin məmnunluğu əldə edilsin. Hər 3 aydan bir bir qisim dəyişdiriləcək. İl souna kimi yeni avtomobillərin dəyişdirilməsi təmin ounacaq”.

Gəncədə bir neçə nəqliyyat qovşağının yaradılması da nəzərdə tutulur ki, ətraf rayon və kəndlərdən gələn nəqliyyat vasitələri şəhərə daxil olmadan sərnişindaşımanı həyata keçirsin.